Pomidor ixracı niyə azalıb? - MÜNASİBƏT BİLDİRİLDİ

"Qida Təhlükəsizliyi Agentliyinin əsasnaməsinə baxsaq, görəcəyik ki, orada mühüm məsələlərdən biri Azərbaycan mallarının xarici bazara ixracının təmin edilməsi məsələsidir". Bu sözləri SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.

O bildirib ki, çox təəssüflər olsun ki, Qida Təhlükəsizliyi Agentliyi bu hədəflərinə çata bilməyib: "Yalnız Rusiya bazarı ilə işlər aparıb. Lakin bu da son nəticədə effekt verməyib. İllər boyu Avropa bazarına Azərbaycanın cəmi 3-4 məhsulu çıxır; fındıq, qoz ləpəsi, balıq məhsulları və s. Qida Təhlükəsizliyi Agentliyi qarşıya qoyduğu strateji hədəflərindən hələ çox uzaqdır. Rusiya bazarı ilə müəyyən işlər görülüb, lakin bu da müvəqqətidir. Təsadüfi deyil ki, külli miqdarda Azərbaycan pomidorunu Rusiya bazarı bu il geri qaytardı. Onlardan bura nümayəndələr gəldi, monitorinqlər apardılar, sonra guya, hər şey düzəldi. Düşünürəm ki, Qida Təhlükəsizliyi Agentliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) çox fəal işləməlidir ki, Azərbaycan pomidoru başqa ölkə bazarlarına çıxsın.

Bir çox ölkələr var ki, onların öz pomidoru həddindən artıq pis vəziyyətdədir. Uzaq ölkələri nəzərdə tuturam. Yaxşı olar ki, Azərbaycan biznes qurumları, dövlət orqanları elə iş aparsın ki, ölkələrə Azərbaycanın yaxşı pomidorunu çıxarsınlar. Bir sözlə, Azərbaycanda ixracın azalmasının ciddi səbəblərindən biri dövlət qurumları ilə biznes qurumlarının effektli əlaqəsinin olmaması və effektli kömək etməməsidir. Təsadüfi deyil ki, pomidorun becərilməsində istifadə olunan dərmanlarda problem var. Neçə il əvvəl mənə şikayət gəldi ki, vətəndaş istixana qurub. Gedib Gəncədən pomidor toxumu alıb. Ona yüksək məhsuldarlığı olan toxum olduğunu deyiblər. Əkəndən sonra biznesini tamamilə batırıb. Vətəndaş ərizəsində yazır ki, sən mənim biznesimi alt-üst etdin: "Mənə demişdin ki, yaxşıdır. Toxumu satan mənə dedi ki, energetik içkini reklam edəndə deyirlər ki, insan uçur. İnsan uça bilmir. Mən də toxumu reklam etmişəm. İnanmayaydın". Sonra məlum oldu ki, bu toxum dövlət orqanında qeydiyyatdan keçməyib. Bu cür anormal toxumlar gəlir. Ziyanvericilərə qarşı təhlükəsizlik tədbirləri aşağı səviyyədədir. Fermerlər bunu mənə zəng edib deyirlər. Belə bir şəraitdə pomidorun ixracında azalmalar müşahidə olunacaqdır".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə