Azərbaycanda ət qıtlığı gözlənilir? - Ekspertdən vacib AÇIQLAMA
“Ölkədə xırda və iribuynuzlu heyvanların sayı son bir neçə ildə ciddə şəkildə azalıb. Bu onunla bağlıdır ki, Azərbaycanda ot, yem istehsalı qaydasında deyil”. Bunu SİA-ya açıqlamasında kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli deyib.
Onun sözlərinə görə, tələbat 10 milyon ton ot olduğu halda Azərbaycan 4.7 milyon ton ot istehsal edir: “Digər tərəfdən ot istehsalı ilə yanaşı qüvvəli yem istehsalı da qaydasında deyil. Statistikaya baxsaq qüvvəli yem istehsalı 2.5 milyon ton nəzərdə tutulmuşdu. Amma istehsal edilən məhsul cəmi 190 min tondur. Bizim örüş ərazilərimizdə məhsuldarlıq aşağı düşüb. Örüş əraziləri yenilənməli, oraya toxum səpilməli, suvarılmalı və heyvanlar növbəli otarılmalıdır. Bunlar həyata keçirilmir, bir tərəfdən də örüş əraziləri əkinə verilir. Bütün bunlar o sahəyə marağı azaldır”.
Ekspert qeyd edib ki, ötən il ölkəyə 115 milyon 700 min dollar dəyərində diri heyvan idxal olunub ki, bu əvvəlki ildən 48.9% çoxdur: “Bu onunla bağlıdır ki, daxildə ət istehsalı azalır və ölkəyə gətirilən diri heyvanların kəsimi hesabına ət istehsalında artım göstərilir. Cəmi hesablasaq 200 milyon dollara yaxın vəsait əcnəbi fermerlərin biznesini genişləndirir, ölkədən çıxarılır. Halbuki, o qədər pul bizim heyvandarlıqla məşğul olan kəndlilərimizə çata bilərdi. Ümumilikdə isə ölkəyə keçən il 1 milyard manatdan çox diri heyvanlar, ət və ət məhsulları idxal olunub. Bu qədər vəsait bizim kəndlilərə çatardısa həm heyvandarlıq inkişaf edərdi, həm kəndlərdə yaşayan fermerlərin sosial durumu yaxşılaşardı”.
V.Məhərrəmli bildirib ki, ümumilikdə heyvandarlıqda ciddi geriləmələr var, heyvanların sayı azalır, məhsuldarlıq aşağı düşür: “Südçülükdə də eyni problem yaşanır, ölkəyə quru süd gətirilir, su qatılır və daxili istehsal kimi göstərilir. Bu problemlərin aradan qaldırılması üçün lazımdır ki, heyvandarlıqda yemçilik inkişaf etdirilsin. Belə olduqda heyvanların sayı qaydasında olacaq, məhsuldarlıq da yaxşı olacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB