Heydər Əliyevin reallaşan arzusu: Qədim İpək Yolundan TRASEKA-yadək, Şərqlə Qərbin, Şimalla Cənubun qovşağında
XX əsr Azərbaycan tarixinin ən qüdrətli dövlət xadimi, dahi şəxsiyyəti olan Ümummilli lider Heydər Əliyevin unudulmaz xatirəsi ölkəmizi sevən və onun təəssübünü çəkən hər bir Vətən övladı tərəfindən bütün zamanlarda xüsusi minnətdarlıq və ehtiramla anılır. Mənalı və şərəfli ömrünü Azərbaycan dövlətinə, xalqına təmənnasız xidmətə həsr etməklə əbədiyaşarlıq rəmzinə çevrilən Ulu öndər haqlı olaraq şanlı tariximizin yaddaşına dünyanın ən böyük Azərbaycanlısı kimi əbədi həkk olunub. Xalqımız əsrlər boyu qazandığı dövlətçilik ənənələrini məhz Heydər Əliyev zəkasının qüdrətiylə təkmilləşdirərək vahid sistem halına salmış, millət kimi mövcudluğumuzu, özünüidarə bacarığını ən yüksək səviyyədə nümayiş etdirmişdir. Azərbaycanı müstəqil dövlət quruculuğuna aparan keşməkeşli və şərəfli yol məhz Ulu öndərin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra başlamışdır.
Bir əsrdə ikinci dəfə müstəqilliyinə qovuşan Azərbaycan indi yeni inkişaf dönəmini yaşayır. Bütün sahələrdə olduğu kimi, nəqliyyat sektorunda da irihəcmli layihələr reallaşdırılır, beynəlxalq aləmə inteqrasiya sürətləndirilir. Ölkə nəqliyyat sisteminin əsas qollarından olan Azərbaycan polad magistralı özünün sürətli inkişaf mərhələsindədir. Bu nəhəng işlər, şübhəsiz ki, böyük siyasi xadimin anadan olmasının 100 illik yubileyini təntənə ilə qeyd etdiyimiz Ümummilli liderin şəxsi köməyi, dəmir yoluna daim qayğısı sayəsində həyata vəsiqə almışdır.
Azərbaycan Respublikasının tarixinə, iqtisadi inkişaf dinamikasına, ölkədə cərəyan edən sosial-iqtisadi və siyasi proseslərin xronologiyasına nəzər saldıqda inkişaf modelini, tərəddüdsüz olaraq Heydər Əliyev Modeli adlandıra bilərik. İstər keçmiş SSRİ dövründə, istərsə də müstəqillik illərində əldə edilən bütün uğurlarımız Ulu Öndərin təşəbbüsü ilə reallaşdırılan beynəlxalq müqavilələrin, sosial-iqtisadi və siyasi arenada yüksək iradə və qətiyyətlə həyata keçirilən islahatların nəticələridir.
Tarixən Azərbaycanın əlverişli geostrateji və coğrafi mövqeyi ona həm Şərq-Qərb, həm də Şimal-Cənub əlaqələrində əsas körpü kimi çıxış etməyə imkan verib. Lakin müstəqil dövlətin olmaması və müstəqil siyasətin yürüdülməməsi səbəbindən bu əlverişli mövqedən Azərbaycanın maraqlarına uyğun şəkildə istifadə etmək mümkün olmamışdı. Yalnız Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəlişindən sonra Azərbaycan bu imkandan yararlanmağa başlamışdır. Bu gün ölkənin istər regionda, istərsə də ümumilikdə dünyada tutduğu mövqe və rola nəzər salanda tam əminliklə söyləmək olar ki, Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan öz tarixi missiyasını yerinə yetirmək imkanı əldə edib.
Nəqliyyat sektorunun inkişafı Prezident İlham Əliyevin dövründə də daim diqqət mərkəzində olub və bu sahəyə irihəcmli investisiyalar yatırılıb. Ümumiyyətlə, milli iqtisadiyyatın tarazlı regional və sahəvi inkişafını təmin etmək istiqamətində ardıcıl işlər aparılıb. Bütün bunlar həm də onu deməyə əsas verir ki, Heydər Əliyevin öz xalqına ən böyük xidmətlərindən biri də memarı olduğu müstəqil Azərbaycan dövlətini taleyin, təsadüfün ümidinə buraxmaması, özünün siyasət məktəbində Azərbaycan dövlətinin dinamik inkişafını, bu inkişafın davamlılığını təmin edən qətiyyətli lider, qüdrətli dövlət xadimi yetişdirməsidir. Əsası Ulu Öndər tərəfindən qoyulmuş milli dövlətçilik konsepsiyası bu gün Heydər Əliyevin mənəvi-siyasi irsinin ən layiqli varisi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən yüksək dinamizmlə davam etdirilir.
Böyük İpək Yolunun bərpası istiqamətində davamlı işlər görən Azərbaycan Respublikası, nəhayət 2005-ci ildə Şimal-Cənub nəqliyyat dəhlizinə də qoşuldu. Beləliklə də, ölkənin Şərq-Qərb (Böyük İpək Yolu) və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində Avropa və Asiyanın mühüm nəqliyyat qovşağına çevrilmək imkanları daha da artdı. Azərbaycan yeganə ölkədir ki, “Şimal-Cənub” və “Şərq-Qərb” nəqliyyat dəhlizləri layihələrinin ikisində də iştirak edir. Regionda reallaşan hər bir nəqliyyat layihəsində əsas aparıcı dövlət olan Azərbaycan beynəlxalq əhəmiyyətli dəmir yollarının tikintisi və yenidən qurulmasına da böyük əhəmiyyət verir. Bunun bariz nümunəsi olan və dünyanın ən iri 100 layihəsindən biri sayılan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun tikintisi Prezident İlham Əliyevin birbaşa rəhbərliyi və dəmir iradəsi ilə həyata keçirilib. Artıq 5 ildən çoxdur istifadəyə verilən BTQ qitələrarası daşınmalar üçün geniş imkanlar açıb. Çin ilə Avropa ölkələri arasında ən qısa marşrut olan bu dəmir yolunun yaratdığı əlverişli şərait bir çox ölkələrin, xüsusilə Şərq ölkələrinin diqqətini cəlb edib. BTQ dəmir yolu xətti Asiya ilə Avropa arasında ən qısa və rahat yol olub yüklərin daşınmasına sərf edilən vaxtı 2 dəfədən çox azaltmağa imkan verir. Bakı-Tbilisi-Qars dəmir yolu Mərkəzi Asiya ölkələrinin – Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Əfqanıstanın da Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır. Bakı-Tbilisi-Qars dəmir yolu Çinin elan etdiyi, Azərbaycan da daxil olmaqla, bir sıra ölkələrin dəstəklədiyi “Bir kəmər, bir yol” iqtisadi inkişaf strategiyasının tərkib hissəsinə çevrilib. BTQ dəmir yolunu İpək Yolu iqtisadi kəmərinin tərkib hissəsi kimi nəzərdən keçirsək, onun başlıca vəzifəsi Çindən və Cənub-Şərqi Asiyanın digər ölkələrindən Avropaya yüklərin daşınmasıdır. İnamla deyə bilərik ki, bu dəmir yolu qitələrarası daşımalar üçün böyük imkanlar yaradır. Avrasiyanın nəqliyyat xəritəsini yeniləşdirən, dəmir İpək Yolu adlandırılan Bakı-Tbilisi-Qars Azərbaycan Respublikasını əhəmiyyətli tranzit daşınmalar mərkəzinə çevirib.
Ulu Öndərin müəyyənləşdirdiyi sosial-iqtisadi siyasətin mühüm istiqamətlərindən biri də infrastrukturun inkişaf etdirilməsi, infrastruktur təminatın təkmilləşdirilməsi olub. Ölkədə nəqliyyat infrastrukturunun beynəlxalq standartlara uyğunlaşdırılaraq müasirləşdirilməsi, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri tərkibində avtomobil magistrallarının tikintisi və genişləndirilməsi, regionlarda avtomobil yol şəbəkəsinin bərpası və yenilənməsi, sərhəd-keçid məntəqələrinin yenidən qurulması, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin, yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının, müasir gəmiqayırma müəssisəsinin, Heydər Əliyev adına Bakı Beynəlxalq Hava Limanında yeni Aerovağzal Kompleksinin inşası, habelə regionlarda hava limanlarının, uçuş-enmə zolağının yenidənqurulması və genişləndirilməsi kimi layihələrin icrası ölkəmizin nəqliyyat potensialının reallaşdırılması üçün geniş imkanlar yaradıb. Avropa və Asiyanı birləşdirən dəmir yolu xəttinin çəkilməsi isə regional əməkdaşlığı daha da sürətləndirir. Bu gün nəqliyyat-yol kompleksinin fəaliyyəti Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində sürətlə inkişaf edən ölkə iqtisadiyyatının və əhalinin nəqliyyat xidmətlərinə olan tələbatının ödənilməsinə, ölkəmizin tranzit potensialının artırılmasına, nəqliyyat infrastrukturunun və parkının yeniləşməsinə yönəldilib. Bütün növ nəqliyyat infrastrukturunun etibarlılığının təmin olunması, nəqliyyatın işinin səmərəli təşkili üçün zəruri tədbirlər görülüb. Nəzərdə tutulan infrastruktur layihələrinin vaxtında və keyfiyyətlə icra edilməsinə dövlət başçısının dəstəyi sayəsində nail olunub. Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin kəsişməsində yerləşən və 4 hektara yaxın ərazidə tikilən Ələt terminalı isə ölkəmizin nəqliyyat-tranzit və logistika imkanlarını daha da artıracaq. Ölkəmizin regionun mühüm nəqliyyat və logistika mərkəzinə çevrilməsi siyasətinin tərkib hissəsi olan yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi (Ələt) ölkənin tranzit imkanlarının genişləndirilməsində həlledici və mühüm rola malikdir. Eyni zamanda, Azərbaycanın əsas dəmir yolu və magistral şəbəkələrinin birləşdiyi mərkəz kimi limanın məqsədlərinin yerinə yetirilməsinə kömək edərək regional və qlobal təchizat zəncirlərində mühüm rol oynayır.
Bünövrəsi Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan nəqliyyat strategiyasının uğurla davam etdirilməsi nəticəsində Azərbaycan dünyanın əsas yük axını istiqaməti olan Çin-Avropa arasında həlledici ölkəyə çevrilib. Dünyada və regionda baş verən geosiyasi hadisələrin də rəvac verdiyi bir sıra səbəblərdən Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi – Orta Dəhliz Mərkəzi Asiya ölkələri və Xəzər dənizi üzərindən keçməklə Avropa ilə Asiyanı birləşdirən ən qısa və rahat marşrutdur. Bir sıra önəmli üstünlüklərə malik Orta Dəhliz boyunca vahid tarif, “bir pəncərə” prinsipi tətbiq olunur. Əlverişli coğrafi mövqe Orta Dəhliz üzərində yerləşən dövlətləri Avropa ilə Asiyanı birləşdirən əsas tranzit ölkələri kimi gündəmə gətirib. Orta Dəhlizin əsas üstünlüyü ondan ibarətdir ki, bütün iştirakçı dövlətlər bu marşrutun funksionallığının artırılmasına güclü siyasi iradə nümayiş etdirirlər. Orta Dəhlizin digər marşrutlara inteqrasiyası isə gözlənilən dividendləri daha da artıracaq. Orta Dəhliz marşrutu ilə daşınan yüklər, həm də Azərbaycanın ərazisindən keçən Şimal-Cənub və Şərq-Qərb dəhlizlərinə inteqrasiya edilmiş yollarla daşına bilər. Eyni zamanda, 44 günlük Vətən müharibəsində işğaldan azad edilən Şərqi Zəngəzur regionunda da dəhlizin inkişaf etdirilməsi perspektivləri mövcuddur. Zəngəzur vasitəsilə Naxçıvandan Türkiyəyə, oradan isə daha geniş coğrafiyaya çıxış mümkündür. Zəngəzur dəhlizi açıldıqdan sonra Azərbaycanın Orta Dəhliz vasitəsilə daşınma imkanları daha da genişlənəcək. Bu da bütün region dövlətləri üçün yeni fürsətlər yaradacaq. Beləliklə, bünövrəsi Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən nəqliyyat strategiyasının timsalında aparılan araşdırmalar deməyə əsas verir ki, “Azərbaycan dünyaya günəş kimi doğacaq” söyləyən Ulu Öndərin bu arzusu da çin olmaqdadır.
Müasir dövrün reallıqları isə hələ illər öncə “Neft sektorundan sonra nəqliyyat ölkə üçün ən mühüm sahədir və burada inkişaf perspektivləri çox gözəldir. Biz bütün imkanlarımızdan istifadə edərək nəqliyyat sektorunu daha sürətlə inkişaf etdirəcəyik”, - deyən Prezident İlham Əliyevin uzaqgörən, müdrik siyasətçi olmasının danılmaz reallığıdır. Artıq Azərbaycan nəinki nəqliyyat-tranzit-logistika xidmətləri ilə, eləcədə enerji təminatı və təhlükəsizliyindəki əhəmiyyətli yeri ilə yaşıl enerji mənbəyi kimi Avropanın aparıcı dövlətinə çevrilib.
Minarə Qərəhməzli
Yazı “Azərbaycan Dəmir Yolları” QSC və Azərbaycan Mətbuat Şurasının “Azərbaycan dəmir yollarının inkişafının Heydər Əliyev modeli” mövzusunda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı müsabiqəsinə təqdim etmək üçün hazırlanmışdır
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB