Qatarlarda oturacaqların sayı azaldıla bilər? - QURUM RƏSMİSİ AÇIQLADI

"Metro vaqonunun sərnişin tutumu istehsal zamanı müəyyən edilir. Köhnə nəsil qatarlarda baş vaqon 42, orta vaqonlar 48 oturacaqlı, 81.760-763 tipli yeni nəsil qatarlarında baş vaqon 38, orta vaqonlar 42 oturacaqlı, 81.765-766 seriyalılarda baş vaqon 33, orta isə 36 oturacaqlıdır. Köhnə nəsil baş vaqonlarda 3 oturacaq sökülüb və əlil arabası üçün yer təmin edilib. Beləcə, həmin vaqonlarda oturacaqların sayı 3 yer azalıb. Yeni nəsil qatarların baş vaqonlarında isə bu yerlər istehsal prosesində layihələndirilərək quraşdırılır". Bu sözləri SİA-ya açıqlamasında "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov deyib.
O bildirib ki, göründüyü kimi yeni nəsil qatarlarda oturacaqların sayı nisbətən azdır: "Çünki yeni nəsil vaqonlarda yüklərin daşınması üçün yerlər də ayrılıb. Bundan savayı daxili interyerin təkmilləşdirilməsi və vaqonlararası keçidlər də texniki zonanın böyüdülməsinə xidmət edir və bununla daha çox sərnişin daşınması imkanı yaradılıb.

Ümumən bir vaqon baş və ya orta olmasına uyğun ən az 308 sərnişin tutumu deməkdir. Orta vaqonlarların daşıma imkanı konstruktiv olaraq 330 nəfərə çatır. Qeyd etdiyimiz təkmilləşdirilmiş funksiyalar bu imkanı bir az da artırır. Bütün bunlar istehsal prosesi zamanı konstruktiv həllin tərkib hissəsi kimi nəzərə alınır".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə