“Ukrteplo” işğaldan azad olunan ərazilərə investisiya qoymaq istəyir

Azərbaycan dövləti alternativ enerji mənbələrinin inkişafına böyük dəstək verir. Biz Azərbaycanda alternativ enerjinin inkişafına investisiya qoymağa hazırıq.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, bu fikri “Ukrteplo” şirkətlər qrupunun sahibi İvan Nadein söyləyib.

“Şirkətimiz alternativ enerji sahəsində on ildən çox təcrübəyə malikdir. Bütün növ alternativ enerjilərin bərpası işinə investisiya qoyuruq. Bu sahədə investor və operator xidmətlərimiz var. Ukraynada və Moldovada layihələrimiz var. Hazırda Moldova və Ukraynada gərginlik mövcuddur. Biz Azərbaycanda alternativ enerjinin bərpası sahəsində layihələrə investisiya qoymağa hazırıq. Azərbaycan bu istiqamətdə düzgün yol götürüb”, - deyə İvan Nadein əlavə edib.

Onun sözlərinə görə, Ukraynada hələ müharibədən əvvəl şirkətin Azərbaycanın alternativ enerji bazarında birgə layihələrin həyata keçirilməsinə dair planı olub. Hazırda bu istiqamətdə müzakirələr davam etdirilir.

“Azərbaycanın işğaldan azad olunan ərazilərində də alternativ enerji ilə bağlı layihələrə investisiya yatırmağa hazırıq. Ağdam rayonu ərazisində alternativ enerji ilə bağlı işlərin aparılması istiqamətində danışıqlarımız da olub”,- deyə İvan Nadein vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə