"Bütün yük dövlətin üzərinə düşməməldir" - MÜNASİBƏT BİLDİRİLDİ

"Bütün yük dövlətin üzərinə düşməməldir" - MÜNASİBƏT BİLDİRİLDİ

"İşğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq, tikinti işləri hərkəsi sevindirən, çox müsbət bir haldır. Bu ilin yanvar ayından başlayaraq həmin ərazilərdə tətbiq olunan vergi güzəştləri tikinti, bərpa, quraşdırma işlərinin daha da sürətlə aparılacağına bir zəmanətdir, stimuldur". Bu sözləri Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli SİA-ya verdiyi açıqlamasında bildirib.

O, qeyd edib ki, sözügedən ərazilərdə tikinti-bərpa işləri elə aparılmalıdır ki, bütün yük dövlətin üzərinə düşməsin. Gərək özəl biznes qurumları həmin ərazilərdə bu işlərə tövhə versin: "Bunun üçün həmin ərazilərdə biznes marağının təmin edilməsi dövlət tərəfindən reallaşdırılmalıdır. Bu ilin yanvar ayında tətbiq edilən vergi güzəştləri və digər stimulverici yeniliklər bu yöndə atılan ən ciddi addımlardandır. Ərazidə azad iqtisadi zonanın yaradılması xüsusilə vacibdir. Bu tip zonaların özünəməxsus statusu olur. İşğaldan azad olunan ərazilərdə salınmış iqtisadi zonalara əhəmiyyətinə müvafiq şəkildə ikiqat xüsusi status verilməlidir". Akif Nəsirli bildirib ki, həmin ərazilərdə biznes strukturlarının fəalliyyətini stimullaşdırmaqdan ötrü nə lazımdırsa hökümət onların hamısını etməlidir: "Dünyada belə məqamların nümunələri çoxdur, hesab edirəm ki, hökümətimiz bu nümunələrdən istifadə etməlidir. Ərazilərdə aparılan tikinti, quraşdırılma, bərpa işlərinin 90 faizi hələ də dövlət büdcəsinin hesabına aparılır. Mən hesab edirəm ki, bu belə olmamalıdır. Dövlət büdcəsi hesabına nələrin həyata keçirilməli olduğunu Liberal İqtisadçılar Mərkəzi adından təklif şəklində hökümətə təqdim etmişik. Dövlətin boynuna düşən yük birinci növbədə ərazilərdə təhlükəsizlik tədbirlərinin alınmasıdır. Ərazilər əvvəla minalardan təmizlənməlidir, həm də etibarlı mühafizə təmin olunmalıdır. Ərazi quru təhdidlərdən mühafizə olunduğu kimi hava hücumundan da mühafizə olunmalıdır. Hamı əmin olmalıdır ki, ərazi hərbi müdaxilədən tam sığortalanıb. İkinci vacib məsələ yol məsələsidir. Yol infrastrukturunun yaradılması, əraziyə işığın, qazın verilməsi, su və internet xətlərinin çəkilməsi çox önəmlidir. Bununla yanaşı əhalinin məskunlaşması üçün vacib olan inzibati binalar tikilməlidir. Hansı ərazidə yaşayış məntəqələri salınacaqsa əvvəla həmin ərazilərdə məktəb, xəstəxana, bağça, bir sözlə, vacib olan infrastrukturlar dövlət büdcəsi hesabına yaradılmalıdır. Yerdə qalan binalar, yaşayış evləri, mənzillər, ticarət obyektləri biznes qurumları hesabına tikilməlidir.

Mən sizə bir örnək göstərmək istəyirəm, Astana şəhəri böyük bir stansiya xətti keçən qərbdən şərqə uzanan dəmiryolu xəttləri üzərində yerləşirdi. Orada eni təxminən bir kilometrə bərabər olan dəmir yolu xətti qovşağı var idi. Şəhər də qəsəbə tipli bir şəhər idi. Ancaq Paytaxt Astanaya köçürüldükdən sonra həmin şəhər indi Nyu-Yorkla müqayisə olunacaq bir şəhərdi. Həmin şəhərin tikintisinə hökumət ümumilikdə təxmini 25-30 milyard dollar vəsait qoyub. Ancaq şəhərin tikintisi 120-130 milyarda başa gəlib. Yəni hökumət 30 milyard pul xərcləyibsə biznes strukturları 100 milyarda yaxın vəsait xərcləyib. Biz də o təcrübəni örnək götürməliyik".

Onun sözlərinə görə işğaldan azad olunmuş ərazilərdə əsasən infrastruktura fikir verilməlidir və həmin ərazinin bərpa olunmasında biznes strukturlarına və sadə vətəndaşlara qucaq açmalıyıq: "Kimsə gedib orada öz hesabına ev tikib yaşamaq istəyirsə biz onun qarşısını almamalıyıq. Hətta ona dəstək olub müəyyən qədər maliyyələşdirməliyik. Mənim mövqeyim bundan ibarətdir ki, bu ərazilərin bərpası yalnız hökumətin üzərinə düşməməldir. Hal-hazırda işğaldan azad olunmuş ərazilərdə öz hesabına ev tikmək istəyən on mindən çox adam tapmaq olar. Bu imkanlardan istifadə etməliyik. Dövlət büdcəsinin bu işlərin hamısını boynuna çəkməyə gücü çatmaz. Nəinki bizim büdcəmizin, heç bir dövlətin büdcəsinin bu qədər böyük lahiyələri tək başına həyata keçirmək iqtidarı yoxdur. Ona görə də biz bu istiqamətdəki bütün təşəbbüslərə qucaq açmalıyıq".

Fazil Hənifəyev

Bütün xəbərlər Facebook səhifəmizdə