Ölkəmizdə baytarlıq xidmətinin təşkili hansı səviyyədədir? - QURUM RƏSMİSİ DANIŞDI
“Azərbaycan Respublikasında baytarlıq təbabəti haqqında qanun 2005-ci ildə qəbul edilib. Həmin qanunda baytarlıq xidməti dövlət və qeyri-dövlət olmaqla iki hissəyə bölünüb. Dövlət baytarlıq xidməti heyvanların sağlamlığının qorunması, heyvandarlıqda məhsulların artırılması, əhali üçün xüsusi təhlükəli xəstəliklərinin qarşısının alınmasında tənzimləyici funksiyanı yerinə yetirir. Qeyri-dövlət baytarlıq xidmətlərinə isə fərdi və özəl baytarlıqla məşğul olan mütəxəssislər aiddir. Fərdi baytarlıq və özəl baytarlıq xidmətləri bir-birindən tamamilə fərqlənir. Belə ki fərdi baytarlıqla məşğul olan mütəxəssislər fiziki şəxs kimi fəaliyyətlərini davam etdirə bilirlər. Özəl baytarlıqla məşğul olanlar isə lisenziyalar və icazələr haqqında qanuna uyğun olaraq fəaliyyətlərini həyata keçirirlər”. Bu sözləri SİA-nın sorğusuna cavab olaraq Aqrar Xidmətlər Agentliyinin sədr müavini Eldar Həsənov deyib.
O bildirib ki, ölkəmizdə hal-hazırda dövlət özəl baytarlıq əməkdaşlığı cənab Prezidentin 998 saylı fərmanı ilə tənzimlənir: “Artıq 2021-ci ildən etibarən ölkədə fərdi baytarlıq fəaliyyəti ilə məşğul olan əməkdaşlarımız iş prinsiplərini qurublar. Bizim məqsədimiz nəinki fərdi baytarlığın yaradılması, eyni zamanda baytarlıq xidmətində görüləcək işlərin səmərəliliyinin və keyfiyyətinin artırılmasıdır. Dövlət tərəfindən ilk dəfə olaraq bu xidmət yaradıldıqda həmin sahədə məşğul olan əməkdaşlar bütün maddi-texniki təchizat bazası ilə təmin edilib. Həmçinin, KOBİA tərəfindən əməkdaşlarımıza biznesin idarə edilməsi, hesabatçılığın təşkil edilməsi və digər biznes sahələri üzrə xüsusi təlimlər keçirilib. Bundan əlavə, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Xidmətlər Agentliyinin Təlimi Mərkəzi tərəfindən işçilərdə xəstəliklərin qarşısının alınması, yeni yaranmış xəstəlik ocaqları ilə mübarizə, yeni nəsil preparatlarından istifadə qaydaları barədə mütəmadi olaraq maarifləndirmə işləri davam etdirilir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB