Laçın-Xankəndi yolunun başlanğıcında qurulan sərhəd-buraxılış məntəqəsi içməli su ilə təmin edilib
Su da çəkildi

Azərbaycan Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Laçın-Xankəndi yolunun başlanğıcında qurulan sərhəd-buraxılış məntəqəsi aprelin 26-da içməli su ilə təmin edilib.

SİA-nın əldə etdiyi məlumata görə, Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib ki, qurum əməkdaşları tərəfindən Həkəri çayının yatağında kaptaj qurğusu yaradılıb, buradan sərhəd-buraxılış məntəqəsinə qədər 200 metr uzunluğunda polietilen borularla daşıyıcı su xətti çəkilib və hidrofor nasosu quraşdırılıb. Hazırda sərhəd-buraxılış məntəqəsi fasiləsiz içməli su ilə təmin edilir.

Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq Dövlət Su Ehtiyatları Agentliyi işğaldan azad olunmuş ərazilərdə strateji obyektlərin dayanıqlı içməli su təminatı məqsədilə Şuşa, Laçın, Kəlbəcər şəhərlərində, Zəngilan rayonu və Hadrut qəsəbəsində fasiləsiz xidmət təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə