"Bu addımlar Böyük Qayıdışın icrasını sürətləndirəcək" - DEPUTAT ŞƏRH ETDİ
“Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmiz sosial-iqtisadi inkişafın müasir mərhələsində sanballı uğurlarını inamla davam etdirməkdədir. Həyata keçirilən uğurlu dövlət quruculuğu bütün sahələridə inkişaf proqramlarının sürətli icrasına, Qarabağ və Şərqi Zəngəzurda başlanmış böyük miqyaslı abadlıq və quruculuq işlərinin genişlənməsinə, Böyük Qayıdışın təmin edilməsinə öz töhfələrini verməkdədir". Bu sözləri SİA-ya açıqlamasında deputat Aydın Hüseynov deyib.
Onun sözlərinə görə, bütün bunlarla bərabər, ölkəmizin qarşısında meydana çıxan yeni çağırışlar, ələxsus da, işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi, müasir zəruri infrastrukturların, o cümlədən Ermənistanla dövlət sərhədində yeni sərhəd infrastrukturların və Zəngəzur dəhlizinin yaradılması istiqamətində işlərin miqyasının artması, eyni zamanda, ölkəmizin müdafiə qabiliyyətinin gücləndirilməsi, həmçinin etibarlı sosial müdafiə tədbirlərinin artırılması əlavə maliyyə vəsaitlərini tələb edir: "Bu xüsusda qeyd edək ki, hazırkı büdcə layihəsində azad edilmiş ərazilərin bərpasına 3 milyard manat ayrılıb, reallıq isə budur ki, həmin tədbirlərin miqyasının artması əlavə xərclər tələb edir.
2023-cü ilin ötən 3 ayı ərzində dövlət büdcəsinin gəlirləri 8 milyard 290 milyon manat, xərcləri 6 milyard 566,9 milyon manat olmuş, 1 milyard 723,1 milyon manat məbləğində dövlət büdcəsinin artıqlığı (profisit) yaranıb. Bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 343 milyon manat və ya 24,9 faiz çoxdur. Dövlət Vergi Xidməti 2 milyard 97 milyon manat, Dövlət Gömrük Komitəsi isə 313 milyon manat çox vəsait toplayıb. Proqnozlara görə, bu dinamika qarşıdakı ikinci rübdə də davam edəcək və 2023-ci ilin birinci yarısında büdcədə təkcə vergi və gömrüyün yığımı birlikdə 3 milyard manatı keçəcək".
Deputat sözlərinə davam edərək bildirib ki, nəticədə ilin ilk yarısında büdcədə əlavə 3 milyard manat əlavə gəlir mənbələri formalaşacaq: "Həmin əlavə vəsaitlər isə ilk növbədə azad edilmiş ərazilərdə aparılan yenidənqurma işlərinin daha da genişlənməsinə və hərbi büdcəmizin artırılmasına yönələcək. Cənab Prezidentin Azərbaycan Televiziyasına müsahibəsində vurğuladığı kimi maliyyə imkanlarımızın artması işğaldan azad edilmiş ərazilərdə quruculuq və bərpa işlərinin miqyasını daha da artırmağa, həmçinin əhalinin sosial rifahının yaxşılaşdırılması üçün dəstək tədbirlərinin davam etdirilməsinə, digər mühüm sosial tələbləri yerinə yetirməyə imkan verdiyindən dövlət büdcədən əlavə vəsaitlərin ayrılması təmin ediləcəkdir. Prezident cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, İqtisadi Şuranın növbəti iclasında 2023-cü ilin dövlət büdcəsinə yenidən baxılması (dürüstləşmə) ilə bağlı müzakirələr aparılıb və Ortamüddətli Xərclər Çərçivəsi və 2024-cü il və növbəti üç il üçün icmal və dövlət büdcələrinin proqnozları, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası” üçün maliyyə təminatı və digər məsələlər geniş yer verilib. 2023-cü ilin dövlət büdcəsinə əlavə düzəlişlər layihəsinin hazırlanması qərara alınıb və yaxın günlərdə layihə hazırlanaraq hökumətə və Milli Məclisə təqdim olunacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB