"İki qurumun birləşdirilməsi müsbət bir haldır" - İQTİSADÇI EKSPERT MÜNASİBƏT BİLDİRDİ

“Fikrimcə, dövlət kompakt olmalıdır. Dünyada sübut edilmiş məsələdir ki, dövlət nə qədər kompakt olsa, iqtisadiyyat bir o qədər yaxşı olar. Dövlət müəssisələrinin sayı artdıqca özəl sektorun yükü artır. Bu baxımdan su məsələləri ilə bağlı olan iki qurumun birləşdirilməsi müsbət bir haldır”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli deyib.

Onun sözlərinə görə, fərqli məsələlərlə məşğul olsalar belə idarə etdikləri obyekt sudur: “Həm “Azərsu” ASC, həm də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-da təkrarlanan inzibati işlər var idi. Bu iki qurumun birləşdirilməsi tədricən heyətin stabilləşməsinə, optimallaşmasına, kadrların düzgün istifadəsinə gətirib çıxaracaq. Ümumiyyətlə, dövlət bu cür oxşar işlər həyata keçirən qurumların birləşdirilməsi haqqında düşünməlidir. Dövlət sektorunun həcminin balacalaşdırılması yönündə işlər görülməlidir ki, vətəndaşlar da bundan az əziyyət çəksin”.

Ekspert sözlərinə davam edərək bildirib ki, Qafqazın su ehtiyatının cəmi 10%-i Azərbaycanın payına düşür: “Qalan 90%-i isə bizdən ərazisi kiçik, əhalisi də az olan Gürcüstan və Ermənistanın payına düşür. Əsas problemlərdən biri də Azərbaycanın payına düşən su ehtiyatının 70%-nin xaricdən gəlməsidir. Ümumi iqlim dəyişikliyi, quraqlıq məsələləri, eyni zamanda əkinçilik işləri su ehtiyatlarının azalmasına gətirib çıxarır. Biz bundan sonra nə su mənbələri yarada biləcəyik, nə də iqlimi dəyişə bilərik. Bizim yeganə edə biləcəyimiz şey sudan qənaətlə istifadədir. Bunun üçün yüksək texnologiyalar tətbiq edilməlidir. Təbii ki, sudan istifadəçilərin də öhdəliyi böyükdür. Eyni zamanda, suyun paylanmasında hökumətin də rolu var. Bu baxımdan meliorasiya işləri, kanalların bərpası xüsusi aktuallıq kəsb edir. Düşünürəm ki, yeni su agentliyinin yaranması ilə yanaşı dövlətin dəyişə biləcəyi hələ çox məsələlər var”.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə