Anti-Rusiya sanksiyaları fonunda AZƏRBAYCAN ÜÇÜN NİKBİN PROQNOZLAR – TƏHLİL

Anti-Rusiya sanksiyaları fonunda AZƏRBAYCAN ÜÇÜN NİKBİN PROQNOZLAR – TƏHLİL

Rusiya neft məhsullarına qiymət məhdudiyyətlərinin fevralın 5-dən qüvvəyə minməsi və Avropa İttifaqı Şurasının sanksiya tədbirləri çərçivəsində Rusiya Federasiyasında istehsal olunan və üçüncü ölkələrə verilən yanacaq, motor yağları və digər neft məhsulları üçün qiymətlərin yuxarı həddi barədə razılığa gəlinməsi dərhal bir sual doğurur ki, görəsən neft və yanacağa qarşı yeni anti-Rusiya sanksiyaları Azərbaycana təsir edəcəkmi? Bir halda ki, Rusiya neft məhsullarının ixracına qarşı sanksiyaların qüvvəyə minməsi ilə əlaqədar xam neftin qiymətində cüzi artım qeydə alınıb, deməli, bu sual tam məntiqidir və həm də yerinə düşür.

Məlumdur ki, istənilən bazarda qiymət həddini müəyyən edən tələb və təklif olur. Tələb artdıqca qiymət artır, hansı ki, buna tələb bazarı deyilir, əksinə, təklif artdıqca da qiymət azalır və bu da təklif bazarı olaraq qiymətləndirilir. Məsələ burasındadır ki, haqqında qeyd olunan neft və yanacağa qarşı yeni anti-Rusiya sanksiyaları nəticə etibarı ilə yalnız qlobal tələbi artıra bilər və bu isə həmin məhsullarının qiymətinin artacağı anlamına gəlir, hansı ki, bunun ölkəmizə, Azərbaycana heç bir mənfi təsiri ola bilməz. Diqqətə çatdıraq ki, Bloomberg ekspertlərinin fikrincə, Rusiya neft məhsulları üçün qiymət tavanı və onların ixracına qoyulan məhdudiyyətlər yalnız qlobal tələbi artırmaqla Avropa və digər bazarlarda yüksək qiymətlərin saxlanmasına kömək edəcək. Belə olan halda isə, əlbəttə ki, Azərbaycanda yanacaq və neft-kimya məhsulları istehsalçıları gələcəkdə bu proseslərdən heç bir mənfi təsir görə bilməzlər, yalnız faydalana bilərlər.

Bilirik ki, Avropa İttifaqının Rusiyaya qarşı sanksiyaları həmin ölkə ilə Ukrayna arasında hələ də davam edən müharibə səbəbindəndir və bu fondadır. Onu da yaxşı bilirik ki, məhz Rusiyanın neft və neft məhsullarına qarşı istənilən sanksiya nəticə etibarı ilə Avropanın yanacaq çatışmazlığına səbəb olmaqdadır. Xüsusilə qeyd etmək yerinə düşərdi ki, Ukraynada bir ilə yaxındır davam edən müharibə və bununla bağlı Avropa İttifaqının sanksiyaları Avropanın yanacaq çatışmazlığı ilə üzləşən bazarının normallaşmasına kömək etmir, əksinə mənfi təsir edir. Eyni zamanda, Bloomberg-in məlumatına görə, 2023-cü ildə neft hasilatı üzrə kursun davam etdirilməsi ilə əlaqədar həftə sonu keçirilən Beynəlxalq Enerji İqtisadiyyatı Assosiasiyasının konfransında çıxış edən Səudiyyə Ərəbistanının energetika naziri, şahzadə Əbdüləziz bin Salman bu barədə çıxışı zamanı sanksiyaların nəticədə defisitə səbəb olacağını vurğulayıb. Bu isə o deməkdir ki, Avropanın yanacaq çatışmazlığı hələ davam edəcək və bu çatışmazlıqla üzləşən bazarların normallaşdırılacağı inandırıcı deyil. Bir sözlə, hələ də enerji ehtiyatları ilə bağlı təklifin tələbdən aşağı olacağı və bunun da qiymət artımına təsiri gözlənilir. Bu isə Azərbaycan üçün heç də arzuolunmaz sayılmır.

Onu da diqqətə çatdıraq ki, hələ ötən ilin sonunda Rusiyadan Avropaya dəniz yolu ilə neft tədarükünə embarqo tətbiq edilib, ixrac isə yalnız “Drujba” neft kəməri ilə məhdudlaşdırılıb. Təbii ki, bu da nəticəsiz ötüşməyib və Rusiya neftinin Avropa İttifaqına tədarükünün ümumi həcminin sutkada 4,5 milyon barelinin, dekabrın 5-dən etibarən isə, təxminən yarısının axınının dayanması ilə nəticələnib. Nəzərə çatdıraq ki, Beynəlxalq Enerji Agentliyinin (BEA) proqnozlarına görə, embarqo nəticəsində Rusiyanın neft hasilatı bu il 1,4 milyon barel azalacaq. Belə bir azalmanın da təsirsiz ötüşməyəcəyi bəllidir və gözlənilən odur ki, nəticədə dizel yanacağı da daxil olmaqla neft qiymətlərinə təzyiq artacaq. Doğrudur, enerji resurslarını ucuz qiymətə satmaq zərurətindən dolayı Rusiya mədən şirkətləri gəlirlərinin əhəmiyyətli hissəsini itirməklə neft ixracını Hindistan, Çin və bir sıra Cənub-Şərqi Asiya ölkələrinin bazarlarına yalnız qismən dəyişdirə bildilər, amma bu da nəticəyə dəlalət edə bilməz və bununla yenə də qlobal tələbatı azaltmaq mümkün olmaz.

Rusiya Federasiyasından neft məhsullarının ixracı üçün 5 fevral 2023-cü il tarixindən etibarən qiymət tavanı tətbiq edilməsi, Avropa İttifaqı Şurasının üçüncü ölkələrə tədarük edilən Rusiya neft məhsulları üçün qiymətlərin yuxarı həddi ilə razılaşması o deməkdir ki, Qərb nəqliyyat şirkətlərinə Rusiya neftinin və neft məhsullarının Qərbin müəyyən etdiyi limitdən yüksək qiymətə çatdırıldığı halda üçüncü ölkələrə daşınması və digər xidmətlərin göstərilməsi qadağandır. Bu həmçinin o deməkdir ki, müstəqil operatorlar tərəfindən neft məhsullarının daşınmasını sığortalamaq belə Qərb maliyyə institutlarına da qadağandır. Nəticə onu deməyə əsas verir ki, müəyyən istisnalar nəzərə alınmaqla, Avropa regionunda Rusiya neft məhsullarının satışı tamamilə dayandırılıb. Hadisələrin bu şəkildə davam etməsi də əlbəttə ki, neft və neft məhsullarına ilk növbədə Avropada tələbatın daha da artmasına gətirib çıxarır.

Rusiya neft məhsullarına qarşı sanksiyaların qüvvəyə minməsinin qlobal neft bazarında qiymət parametrlərinə dərhal təsir etməsi, yaxud bundan sonra davamlı olaraq təsir edəcəyi heç də təəccüblü deyil. Bu gözlənilən idi. Məhz 5 fevral tarixindən etibarən qiymət tavanının tətbiq edilməsinin ardınca, fevralın 6-da, hətta səhər saatlarından belə Brent markalı neftin aprel fyuçerslərinin qiymətinin 0,31% artaraq 80,19 dollar/barel həddində olması deyilənləri təsdiq edir. Təsdiq edir ki, Rusiya neft məhsullarına qarşı sanksiyaların qüvvəyə minməsi həm təklifin azalmasın, təklifin artmasına, həm də qiymətlərin də bahalaşmasına səbəb olmalıdır. Bunun isə Azərbaycana hansısa mənfi təsirləri ola bilməz, əksinə, daha böyük mənfəət əldə ediləcəyi barədə proqnozlar daha məntiqidir.

Ələlxüsus uzunmüddətli perspektivdə Avropada və bir sıra digər qonşu regionlarda Rusiya neft məhsullarına sanksiyaların tətbiqi neft məhsullarına olan qıtlığın daha da artacağını vəd edir. Bu isə tələbin daha da artacağı deməkdir və qeyd etdiyimiz kimi, tələbin artması da öz növbəsində qiymət artımına səbəb olan amil olaraq qiymətləndirilir. Şübhəsiz ki, neft və neft məhsullarının qiymətlərinin yüksək həddə saxlanılması Azərbaycan üçün yalnız faydalıdır və enerji resurslarının ixracından məqbul səviyyədə gəlir əldə etmək imkanı gözləniləndir. Cari ildə, 2023-cü ildə “Azeri Light” markalı neftin orta qiymətinin 80-90 ABŞ dolları dəhlizi daxilində saxlanması optimal hesab olunur və buna ümid etməyə də dəyər.

Heç şübhəsiz ki, neft məhsullarına qlobal tələbat ölkəmiz üçün onların ixracından əldə olunan gəlirləri artırmaq şansı deməkdir. Bu baxımdan da cəsarətlə deyə bilərik ki, neft məhsullarının istehsalının həcminə dair statistik göstəriciləri əhəmiyyətli dərəcədə yaxşılaşdırmaq imkanı da lazımınca qiymətləndirilməlidir. Çox sevindirici haldır ki, bu il yanacaq və neft-kimya sektorunda vəziyyət xeyli stabildir. Neft Emalı Zavodu Avro-5 standartına uyğun dizel yanacağının istehsalı üçün yeni əsas texnoloji qurğuların quraşdırılmasını böyük ölçüdə başa çatdırıb, cari ildə Belarus Neft Emalı Zavodu daha yüksək keyfiyyətli Aİ-92, eləcə də Avro-5 standartına cavab verən yüksək oktanlı Aİ-95 benzininin istehsalı üzrə bütün texniki işləri başa çatdırmağı planlaşdırır. Yəni bütün bunlar nikbin proqnozlar verməyə tutarlı əsas yaradır. Bir sözlə, Avropa İttifaqının tətbiq etdiyi sanksiya nəticəsində Rusiya neft məhsullarının Avropa və bir sıra əlaqəli bazarlara tədarükünün azaldılması, eləcə də daxili neft-kimya kompleksinin modernləşdirilməsi üzrə işlərin başa çatdırılması, müxtəlif yanacaq növlərinin ixracını genişləndirmək baxımından Azərbaycan üçün əlavə imkanlar deməkdir. Bütün bunlar isə ümumilikdə ölkəmiz üçün daha yüksək gəlir əldə ediləcəyini vəd edir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə