Azərbaycanın enerji siyasəti gələcəyə hədəflənib

Bu gün dünya dövlətləri postpandemiya dövrü, habelə mövcud iqtisadi-siyasi kataklizmlərin fonunda artıq yeni sistemin üzərində qərarlaşmanı əsas hədəf olaraq qarşılarına məqsəd qoyurlar. Azərbaycan da öz növbəsində yeni formalaşan qlobal düzəndə yerini daha da möhkəmləndirmək üçün beynəlxalq təşkilatlarla, eləcə də dünyadövlətləri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığı dərinləşdirmək, o cümlədən dərin hörmətə əsaslanan münasibətlər çərçivəsində malik olduğu mövcud potensialın qarşılıqlı maraq əsasında istifadə olunması istiqamətində uğurlu xarici siyasət yürüdür. Prezident İlham Əliyevin istər görüşlərdə, çıxışlarında, istərsə də müsahibələrində dəfələrlə vurğuladığı kimi, ölkəmiz bu gün yeni çağırışların artıq bir çoxuna hazırdır.

Azərbaycan 2020-ci ildə İkinci Qarabağ – Vətən Müharibəsi nəticəsində işğal altındaolan torpaqlarını azad etdikdən sonra regionda yeni reallıqlar yaratdı və bu gün ölkəmiz nəinki Cənubi Qafqazın lider dövləti, lokomotivi olaraq qəbul olunur, eyni zamanda enerji resurslarının istehsalı və tranziti sahəsində əhəmiyyətli regional hab mərkəzinə çevrilir.

Ölkəmiz regionda sülhün bərqərar olması üçün bütün imkanları nəzərdən keçirir və xalqlar arasında iqtisadi, mədəni, siyasi, diplomatik əlaqələrin dərinləşməsini, insanların daha yaxşı, rifah içində yaşaması üçün yeni qərarların qəbul olunmasında əzmkarlıq nümayiş etdirir.

Ötən ilin əvvəllərindən etibarən Rusiya-Ukrayna münasibətlərinin gərgin olaraq qalması, habelə Avropanın bu günə qədər ən böyük qaz təchizatçısı olan Rusiyaya ABŞ və qərb dövlətləri tərəfindən tətbiq edilən sanksiyalar nəticəsində dünyada, xüsusilə də Avropa qitəsində enerji təchizatı və təhlükəsizliyi bu günki günün reallıqlarında vacib məsələyə çevrilmişdir.Məhz 2022-ci ildən başlayaraq Azərbaycan Prezidenti bu sahəni də həm regionda, həm də dünyada sülhün əldə olunmasında yeni siyasi istiqamət kimi çox böyük məharətlə istifadə edir.

1994-cü ildə imzalanmış Əsrin Müqaviləsini mükəmməl icra etmiş Azərbaycan bütün tərəfdaş dövlətlərin, habelə iştirakçı beynəlxalq konsorsiumların etibarını qazanmış, son bir ildə isə bir sıra vacib meqa layihələrə imza ataraq Avropada enerji təhlükəsizliyinin təmin edilməsində yaxından iştirak edir.

Azərbaycan artıq yaşıl iqtisadiyyatın təşviqi və yaşıl enerjinin istehsalı sahəsində də vacib layihələrin həyata keçirilməsinə başlamışdır. Bu baxımdan ölkədə neft və qazdan əlavə istehsal olunan alternativ enerjinin Avropaya nəql olunması istiqamətində dost dövlətlər mövcud əlaqələrin daha da dərinləşməsinə böyük maraq nümayiş etdirirlər.

Ötən il oktyabrın 1-də Bolqarıstan Respublikasının paytaxtı Sofiya şəhərində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimində Preziden İlham Əliyevin iştirakı, habelə 17 dekabr tarixindəRumıniyanın paytaxtı Buxarest şəhərinə səfəri, “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanmasıAvropa qitəsinin enerji təhlükəsizliyini daha dolğun və əhatəli şəkildə təmin etməklə Azərbaycanın Avropa İttifaqı üçün etibarlı tərəfdaşa çevrildiyini bir daha sübut etdi.

Prezident İlham Əliyevin cari ilin 30 yanvar tarixində Macarısatana səfəri – Azərbaycan-Macarıstan, eləcə dəAzərbaycan-Avropa İttifaqı münasibətlərinin qarşılıqlı hörmət və etibarlı əməkdaşlıq fonunda enerji təhlükəsizliyinin, cəmiyyətlərimizin inteqrasiyası, xalqlararası dialoqun möhkəmləndirilməsini nəzərdə tutan daha bir əhəmiyyətli səfərlərindən idi.

Səfər çərçivəsində Azərbaycan Respublikası ilə Macarıstan arasında genişləndirilmiş strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə, eyni zamanda mədəniyyət,turizm, iqtisadiyyat, kənd təsərrüfatı, miqrasiya, nəqliyyat sahələrini əhatə edən Memorandumlar imzalandı.

Səfərin diqqətəlayiq digər bir məqamı vaxtilə tarixə qovuşmuş sayılan NABUKKO layihəsinin canlandırılması və artıq fevral ayının 3-də Azərbaycanda bu istiqamətdə rəsmi görüşlərin davam etdirilməsidir. Burada Macarıstan nəinki Azərbaycan qazının istehlakçısına çevriləcək, eyni zamanda digər Avropa ölkələrinə tranzit edən ölkə kimi fəaliyyət göstərəcək. Cənab Prezidentin vurğuladığı kimi, “Artıq interkonnektorlar vasitəsilə Azərbaycan qazı Bolqarıstana, ondan sonra Rumıniyaya, ondan sonra Macarıstana və Macarıstandan sonra digər Avropa ölkələrinə çatdırılacaqdır”.

Azərbaycanın həm dost ölkələrlə qurduğu ikitərəfli iqtisadi-siyasi münasibətlər, həm də təmsil olunduğu beynəlxalq təşkilatlar çərçivəsində nümayiş etdirdiyi əzmkarlıq, həmrəylik, müttəfiqlik istər ölkəmiz, region, istərsə də bütünlükdə Avrasiya qitəsi üçün əhəmiyyətə malikdir.

Əminliklə deyə bilərik ki, bu gün Prezident İlham Əliyevin enerji və nəqliyyat sahələrində müəyyən etdiyi siyasət düzgün gələcəyə hədəflənir, xüsusilə Avropa İttifaqı ilə siyasi, mədəni, humanitar sahələrdə də əlaqələrin dərinləşəcəyini göstərir.

Beləliklə, Azərbaycanın hər bir platformada əldə etdiyi iqtisadi və siyasi qələbələr yalnız sülhə, əmin-amanlığa, davamlı inkişafa və dünya enerji təhlükəsizliyinin təmin olunmasına köklənmişdir.

Məzahir Əfəndiyev
Azərbaycan Respublikası
Milli Məclisinin deputatı

Bütün xəbərlər Facebook səhifəmizdə