Dünyada hökm sürən qlobal böhranın təsirinə, eləcə də güclü inflyasiya təzyiqinə baxmayaraq, ötən il Azərbaycan iqtisadiyyatı kifayət qədər uğurla inkişaf etdirilib. Çox sevindirici haldır ki, ÜDM-də rekord artım əldə edilib. Xüsusilə enerji ixracı dəfələrlə artıb və irimiqyaslı nəqliyyat layihələri həyata keçirilməkdədir. Bu uğurlar əhalinin həssas təbəqələrinə dəstək olmaqla yanaşı, məşğulluğun artırılmasına, əmək haqlarının və pensiyaların artırılmasına kömək edən müxtəlif sosial təşəbbüslərin davam etdirilməsinə töhfə verən məqamlardır, hansı ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev yerli telekanallara müsahibəsində bu barədə, 2022-ci ilin sosial-iqtisadi nailiyyətləri və cari ildə qarşıda duran vəzifələr barədə danışıb.
Pandemiyadan sonrakı tənəzzülün aradan qaldırılması, eləcə də işğaldan azad edilmiş ərazilərin müharibədən sonrakı bərpası prosesində ortaya çıxan bütün çətinliklərə baxmayaraq, Azərbaycan iqtisadiyyatında iki ilə yaxındır ki, istehsalın artımının müsbət dinamikası özünü göstərməkdədir. Bu hal qlobal böhran fonunda ölkəmiz üçün xüsusilə diqqətə layiq məqam hesab olunur. Ən çox diqqət ediləcək və sevindirici hal odur ki, dünyanın çətinliklərlə qarşılaşdığı bir məqamda, bir zamanda ölkəmizdə neft-qaz sektoru çox uğurla inkişaf edir, qeyri-neft sənayesi, kənd təsərrüfatı və nəqliyyat sektorları da heç inkişafdan geri qalmır. Qarabağ bölgəsində böyük quruculuq-abadlıq işləri görülür. Bütün sahələrlə yanaşı, tikinti, turizm, xidmət sektoru, sərnişin hava nəqliyyatı və digərləri uğurla bərpa olunur.
Əlbəttə ki, bütün dünyada və postsovet məkanının əksər dövlətlərində olduğu kimi, Azərbaycan da Rusiya-Ukrayna münaqişəsinin nəticələri ilə bağlı çətinliklərlə qarşılaşmaqdadır və bu məsələ ilə bağlı mənfi təsirləri görməmək mümkün deyil. Söhbət ilk növbədə idxal inflyasiya amilləri və qlobal nəqliyyat, logistika və sənaye əlaqələrinin dağılması ilə bağlı istehlak bazarında qiymət artımından gedir. Bu problemin ciddiliyini Azərbaycanda orta illik inflyasiyanın yüksək səviyyəsi göstərir. Təsadüfi deyil ki, bu səviyyə 2022-ci ildə artıq 13,9%-ə çatıb. Sözsüz ki, istehlak qiymətlərinin artımı birbaşa və ya dolayısı ilə qlobal qiymət artımı prosesləri ilə bağlı olub, amma hər bir halda bu məsələ ilə qarşılaşmalı olmuşuq.
“Dünya pandemiyadan sonrakı dövrə yenicə uyğunlaşmağa başlayır və bir çox ölkələrdə qiymətlərdə kəskin artım müşahidə olunur. Yerli iqtisadiyyat isə qlobal sistemin bir hissəsi olduğundan, təəssüf ki, Azərbaycan da bu mənfi təsirləri aradan qaldırır”, deyə cənab Prezident İlham Əliyev Azərbaycan televiziyalarına müsahibəsində bildirib. Dövlət başçısı qeyd edib ki, istehlak qiymətlərinin bahalaşması ciddi qlobal problemə çevrilib. Diqqətə çatdıraq ki, hətta inflyasiyanın adətən 1-1,5 faizi ötmədiyi inkişaf etmiş Qərb ölkələrində belə bu gün çox vaxt ikirəqəmli inflyasiya müşahidə olunur və bu heç də sıradan bir hal deyil. Bu, artıq inflyasiyanın ciddi bir proses olduğun anlamına gəlir. Problemin qlobal xarakter daşıması səbəbindən Azərbaycanın idxal inflyasiya faktoru ilə bağlı xarici proseslərə təsir imkanları kifayət qədər məhduddur. Buna baxmayaraq, dövlət başçısı hesab edir ki, ötən il həyata keçirilən islahatlar xarici amillərin təsirlərinin minimuma endirilməsinə kömək edib.
Heç şübhəsiz ki, respublikada ölkə vətəndaşlarının sosial rifahının gücləndirilməsinə yönəlmiş əməli addımların atılması da eyni dərəcədə vacib məqam hesab olunur. “Biz sosial layihələr və proqramlar vasitəsilə qlobal böhranın xalqımız üçün nəticələrini yumşaltmağa çalışırıq. Bu yaxınlarda imzaladığım çox geniş sosial paket bunu bir daha sübut edir”, deyə cənab Prezident İlham Əliyev bildirib. “Xüsusən də, minimum əmək haqqının 15% artırılaraq 345 manata çatdırılması inflyasiyanın təsirlərinin yumşaldılmasına xidmət edir. Eyni zamanda, pensiyaçıların sosial təminatının yaxşılaşdırılması məqsədilə minimum pensiya məbləği də 16,7 faiz artırılaraq 280 manata çatdırılıb və bu proses davam etdiriləcək”, deyə dövlət başçısı vurğulayıb və diqqətə çatdırmaq yerinə düşərdi ki, bu məqam ölkəmizdə vətəndaş amilinin birinci yerdə dayanmasından xəbər verir. Son illərin təcrübəsi göstərir ki, bu addımlar birdəfəlik addımlar sayıla bilməz, onlar müntəzəm xarakter daşıyır və iqtisadi imkanlar artdıqca, gələcəkdə əhaliyə sosial dəstəyin mütləq artacağına ümid etməyə dəyər.
Digər məsələlərlə yanaşı, son dövrdə ehtiyacı olan şəxslərə ünvanlı sosial yardımın göstərilməsi sahəsində, şəffaflığın təmin edilməsi istiqamətində xeyli iş görülüb. Dövlət başçısı yerli telekanallara müsahibəsində onu da xatırladıb ki, bu gün 60 minə yaxın ailə ünvanlı sosial yardım alır, hansı ki, hər ailəyə təxminən 460 manat düşür və bu yardımın həcmi ildən-ilə artmaqdadır. Dövlət tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə dəstək istiqamətində atılan addımlar da eyni dərəcədə mühümdür və diqqətdən yayınan deyil. Ötən il bu kateqoriyadan olan ailələrə 1500, bir il əvvəl isə 3000 mənzil verilib. Cənab Prezident İlham Əliyevin vurğuladığı kimi, bu, veteranların, şəhid olmuş qəhrəmanların ailələri qarşısında mənəvi borcumuzdur. Bu mühüm iş cari ildə də davam etdiriləcək, növbədə olanlara ən azı 1500 və daha çox mənzil veriləcək. Nəzərə alaq ki, ümumilikdə Azərbaycanda veteranlara verilən sosial dəstəkdən 13 min ailə yararlanıb. İkinci Qarabağ müharibəsi əlillərinin ən müasir protezlərlə təmin olunması prosesi də fəal şəkildə davam etdirilməkdədir və bunlar dövlətin sosial siyasəti kimi yüksək qiymətləndirilir.
Sosial sahədə irəliləyiş ən çox birbaşa olaraq ölkədə iqtisadiyyatın inkişafı və məşğulluğun genişləndirilməsi ilə bağlıdır. Bu baxımdan əmək bazarında bütün proseslərin rəqəmsallaşdırılmasına, elektron əmək müqavilələrinin bağlanmasına, işəgötürənlərlə işçilər arasında münasibətlərdə digər islahatlara ciddi diqqət yetirilir. İşsizliyin azaldılması və məşğulluğun artırılması məqsədilə ötən il kiçik və orta sahibkarlığın (KOB) dəstəklənməsi, o cümlədən dövlət-özəl tərəfdaşlıq təşəbbüslərinin genişləndirilməsi nəzərə alınması vacib məqamlar hesab olunmalıdır. Heç şübhəsiz ki, sosial proqramların icrası, qeyri-neft sənayesi və aqrar sektorun investisiya dəstəyi, Qarabağ bölgəsində infrastrukturun bərpası və yaşayış evlərinin, sosial obyektlərin, sənaye klasterlərinin tikintisi üzrə genişmiqyaslı proqramın büdcədən maliyyələşdirilməsi ilə reallaşır. Məcburi köçkünlərin geri qayıtması belə Azərbaycanda hökumətin bütün sosial-iqtisadi tədbirləri üçün əsas maliyyə bazası olan güclü iqtisadi təməlin olması sayəsində mümkün olubdur.
“Keçən il Azərbaycanın ÜDM-i rekord həddə, ən son yenilənmiş məlumatlara görə - 134 milyard manata çatıb, xarici ticarət əhəmiyyətli dərəcədə artaraq 50 milyard dolları ötüb, ticarətdə müsbət saldo isə 25 milyard dollar təşkil edib”, deyə cənab Prezident İlham Əliyev vurğulayıb. Sözsüz ki, ölkənin iqtisadi müstəqilliyinin möhkəmləndirilməsi onun gələcək inkişafında qeyd-şərtsiz amil hesab olunur. Bununla yanaşı, nəzərə alaq ki, respublikanın xarici borcu bu gün 7 milyard dollardan aşağıdır, həm də ÜDM-ə nisbətdə xeyli azalıb. Əgər 2022-ci ilin əvvəlində xarici borc ümumi daxili məhsulun 17%-ni təşkil edirdisə, ilin sonuna bu rəqəm 9,5%-ə düşüb. Müqayisə üçün dövlət başçısı xatırladıb ki, bir çox inkişaf etmiş ölkələrdə xarici borcun ÜDM-ə nisbəti 130-150 faizə çatır. Azərbaycanda borcun nisbətən aşağı səviyyədə olması ölkəyə lazım gəldikdə beynəlxalq donorlardan borc götürmək üçün geniş imkanlar yaradır.
Çox sevindirici haldır ki, hazırda respublikanın beynəlxalq kreditlərə tələbatı cüzi səviyyədədir. Onu da unutmaq lazım deyil ki, sosial-iqtisadi tədbirlərin böyük əksəriyyəti büdcənin maliyyələşdirilməsi, habelə özəl sektorun və digər daxili resursların cəlb edilməsi hesabına həyata keçirilir. Üstəlik, neft-qaz layihələrinin və qeyri-emal sektorunun uğurlu inkişafı ilə yanaşı, Azərbaycan iqtisadiyyatı daha bir mühüm komponentlə, əhəmiyyəti dəfələrlə artmış nəqliyyat sektoru ilə zənginləşir. “Biz uzun illərdir ki, nəqliyyat sektoruna böyük sərmayələr qoyuruq, investisiyalar cəlb edirik və bu gün Azərbaycanda bütövlükdə həm Orta Dəhliz, həm də Şimal-Cənub nəqliyyat dəhlizi üzrə işlər yekunlaşıb. Hazırda dəmir yolunun hissələri, xüsusən də Bakı-Yalama xətti müasirləşdirilir, bundan sonra Ələt-Astara xəttində bu işlər davam etdiriləcək. Bütün bunlar Şimal-Cənub dəhlizinin imkanlarını artıracaq və Azərbaycan ərazisindən yüklərin daşınması mərhələli şəkildə 15 milyon tondan 30 milyon tona çatdırıla biləcək”, deyə dövlət başçısı diqqətə çatdırıb.
Prezident həmçinin qeyd edib ki, “Orta Dəhliz”in imkanlarının genişləndirilməsi məqsədilə Ələt limanının terminallarının tutumu artır. Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun modernləşdirilməsi üzrə işlərə başlanılıb, hansı ki, onun ötürücülük qabiliyyəti ildə 1 milyon tondan 5 milyon tonadək artırılacaq. Bu məqsədlə büdcədən 100 milyon dollardan çox vəsaitin ayrılacağı da təsadüfi, yaxud əbəs yerə deyil. Gələcəkdə Zəngəzur dəhlizinin dəmir yolu və yol infrastrukturunun tikintisi üzrə davam edən planlar çərçivəsində Azərbaycanın tranzit imkanları daha da genişləndiriləcək. Avropa İttifaqı, Mərkəzi Asiya, Çin, Türkiyə, Rusiyanın bütün yuxarıda sadalanan layihələrinə böyük marağı nəzərə alsaq, şübhəsiz ki, gələcəkdə ölkənin nəqliyyat sektoru enerji ilə yanaşı, ən çox inkişaf edən sahəyə çevriləcəkdir. Bütün bunlar isə respublikanın valyuta gəlirlərinin təmin edilməsi baxımından mühüm mənbə hesab olunur.
Bütün yuxarıda sadalananlar təsdiq edir ki, ölkə iqtisadiyyatının inkişafından danışmaqda hər kəs haqlıdır. Bundan sonra iqtisadi inkişafa daha böyük zəmin olduğu da etiraf edilməlidir. Çünki, ölkəmizin bütün sahələrdə inkişafı üçün güclü iqtisadi baza artıq mövcuddur. Sevindirici haldır ki, iqtisadi inkişafın ildən-ilə daha sürətlə baş verdiyini hər birimiz müşahidə etməkdəyik və statistik göstəricilərdə də bu özünü bir daha sübut etməkdədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB