“Azərbaycan bu missiyanı layiqincə yerinə yetirə bilir” - DEPUTAT DANIŞDI

“Azərbaycan bu missiyanı layiqincə yerinə yetirə bilir” - DEPUTAT DANIŞDI

“Buxarestdə imzalanan saziş 21-ci əsrin yeni yaşıl enerji dəhlizi sazişidir. Bu dünyanın alternativ enerji mübadiləsi tarixində ilk belə beynəlxalq sazişdir. Azərbaycanın mənbə və ixracatçı ölkə qismində belə bir əməkdaşlıq paltforması yarada bilməsi qürur vericidir. 20-ci yüzilliyin sonunda əsrin müqaviləsi möcüzəsini yaradan Azərbaycan 21-ci yüzilin əvvəlində yaşıl enerji sahəsində belə bir möcüzəni yaratda bildi”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Hikmət Babaoğlu bildirib.

Onun sözlərinə görə, şübhəsiz ki, 4-cü sənaye inqilabı çağırışları kontekstində dünya tamamilə yeni enerji təhcizatı mərhələsinə qədəm qoymaqdadır. Bu mərhələ tükənən deyil, bərpa olunan enerji təhcizatı zərurətinə söykənir. Azərbycanın isə bərpa edilən enerji ehtiyatları quruda külək və günəş enerjisi həcmi baxımından 27 qiqavatdan çoxdur, Xəzər dənizinin Azərbaycan sektorunda isə külək enerjisi potensialı 157 qiqavat təşkil edir. Bu meqa rəqəmlər bərpa edilən və davamlı olan enerjini ifadə etməklə ölkəmizin hansı həcmdə yaşıl enerji istehsal edərək, ixrac edə biləcəyini göstərir. Ona görə də görüşdə iştirak edən Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen bildirdi ki, bərpa olunan enerji mənbələrinin artmaqda olan payını inteqrasiya etmək üçün Avropaya güclü elektrik enerjisi interkonnektorları lazımdır. Məhz buna görə Rumıniya, Gürcüstan və Azərbaycan arasında Qara dənizdən çəkiləcək elektrik xətti olduqca vacibdir və çox iddialı bir layihədir. Göründüyü kimi yeni yaşıl enerji dəhlizi dünyada baş verən enerji böhranları və enerji asılılığı kontekstində Avropa üçün kritik əhəmiyyət daşıyır. Belə starteji problemin həlli isə etibarlı tərəfdaş olmadan mümkün deyil. Azərbaycan isə bu missiyanı layiqincə yerinə yetirə bilir. Təsadüfi deyil ki, avropalıların yaşıl enerji kimi səciyyələndirdikləri qaz təchizatı məsələsində də Azərbacan etibarlı və güvənilir bir tərəfdaş kimi çıxış edir. Elə bu ilin iyulunda xanım Fon der Lyayenin Azərbaycana səfəri zamanı Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunu imzalanması da ayrıca bir hadisə kimi yadda qalmışdı. Artıq həmin sənədin icrasına başlanılıb. Ötən il Azərbaycanın Avropa İttifaqı bazarına təbii qaz ixracı 8,2 milyard kubmetr təşkil etmişdirsə, bu il ixracat rəqəmi 11,3 milyard kubmetrdir. Növbəti il həmin həcm ən azı 11,6 milyard kubmetr olacaq. Gələn il isə Azərbaycandan ixrac ediləcək təbii qazın ümumi həcmi təxminən 24 milyard kubmetr təşkil edəcək. Göründüyü kimi rəqəmlər özlüyündə tərəfdaşlığın hansı səviyyədə olduğunu aydın ifadə edir. Şübhəsiz ki, bu naliyyətlər sadəcə enerji tərəfdaşlığı deyil, həm də Azərbaycanın beynəlxalq münasibətlər sistemində yerini və rolunun artması deməkdir. Yeni dünya nizamının formalaşdığı mühüm bir tarixi mərhələdə milli maraqlarımızın bu səviyyədə təmin olunması isə Azərbaycanın daha qüdrətli ölkəyə çevrilməsi və vətəndaşlarımızın daha yaxşı rifaha çatması deməkdir” .

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə