34 saylı Uşaq Musiqi Məktəbində Xan Şuşinskinin yubileyi keçirilib - FOTOLAR

Dekabr ayının 6-da Respublika Mədəniyyət nazirliyi Bakı şəhər Mədəniyyət Baş İdarəsi Xətai rayon 34 saylı Uşaq Musiqi Məktəbində görkəmli sənətkar, xanəndə, Xalq artisti Xan Şuşinskininanadan olmasının 120 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbirin aparıcısı məktəbin müəllimi Sona Cəfərova Xan Şuşinskinin həyatı və yaradıcılığı barədə danışıb.

O qeyd edib ki, Xan Şuşinski 1901-ci ildə avqust ayının 20-i Şuşa şəhərində anadan olub. 16 yaşında olarkən ustadı İslam Abdullayevlə birgə iştirak etdiyi məclisdə təbrizli xanəndə Əbdülhəsən xanın yolu ilə "Kürd-Şahnaz" muğamını heyrətamiz bir tərzdə ifa etdiyinə görə müəllimi ona "Xan Şuşinski" adını verib. Xanın bir xanəndə kimi yetişməsində, həmçinin Cabbar Qaryağdıoğlunun və Seyid Şuşinskinin böyük təsiri olub.
1920-ci illərdə Xan Şuşinski Bakıya gələrək öz ifaçılıq fəaliyyətini genişləndirib. Xanın repertuarında "Mahur–Hindi", "Bayatı-Qacar", "Qatar" dəsgahları, "Qarabağ şikəstəsi", "Arazbarı", "Heyratı" zərbi muğamları ilə yanaşı, xalq mahnıları və təsniflər böyük yer tuturdu. Xan Şuşinski xalq mahnılarını xüsusi bir şövqlə oxuyur, onlara yeni bir çalarlar aşılayırdı.

1934-cü ildə Xan Şuşinski Tiflis şəhərində keçirilən Zaqafqaziya xalqlarının birinci incəsənət olimpiyadasında böyük müvəffəqiyyət qazanaraq, birinci mükafata layiq görülüb. O, digər ölkələrdə də Azərbaycan musiqi mədəniyyətini yüksək səviyyədə və layiqincə təmsil edib. 1960-cı ildə Azərbaycan Dövlət Filarmoniyasının nəznində "Muğam studiyası" yaratmış və burada gənc xanəndələrə muğamın sirrlərini öyrədib.

O, həmçinin Azərbaycan Dövlət Musiqi Məktəbində dərs demiş, muğam ifaçılarının yeni nəslini yaradıb. Xan əsl yaradıcı sənətkar kimi milli musiqi xəzinəsini yeni mahnılarla zənginləşdirirdi. Bu baxımdan onun "Qəmərim", "Şuşanın dağları" mahnıları dillər əzbəri olub. Xan Şuşinski öz yaradıcılığında bəstəkar mahnılarına da müraciət edib. Bu mənada Üzeyir Hacıbəyovun "Qara göz" mahnısının ilk ifaçısı olub və mahnını yüksək zövqlə oxuyaraq yaşadıb.

Sonra məktəbin Xalq Çalğı Alətləri şöbəsinin müəllimləri və şagirdləri çıxış etdilər. Məktəbin müəllimlərindən Bəxşiş Mehdiyev, Məhbubə Ələkbərova, Məhəmməd Hacıyev, Sahibxan Mürşüdov, Cavanşir Həmzəyev, Ağabala Əsgərov və Səbinə Zeynalova şagirdlərlə birlikdə X.Şuşinskinin repertuarından mahnılar ifa ediblər.
Konsertin sonunda məktəbin direktoru Babək Əliyev çıxış edərək qeyd edib ki, Azərbaycan gəncləri hər vaxt görkəmli sənətkarları unutmamışlar. Bu gün fəxr edirik ki, məktəbimizdə istedadlı müəllim çalışır və şagirdlər təhsil alır.

Məmmədhəsən MƏMMƏDOV

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...