Bakı şəhərində Aşıq Ələsgərin abidəsi ucaldılacaq ŞƏRH

Azərbaycan aşıq poeziyasının böyük sənətkarlarından biri, qüdrətli söz ustadı Aşıq Ələskər zəngin irsi ilə Azərbaycan, ümumən türk şeirinə misilsiz töhfələr vermiş el sənətkarıdır. Onun yaradıcılığı bir həyat çeşməsidir, çağlayan bulaqdır ki, poetik ruhlu şeirləri daş yaddaşlara hopdurmuşdur. Poetik çalarlı, lirik düşüncəli yaradıcılığı ilə çox incə məqamlara toxunan aşıq söz xəzinəsi ilə özünə əbədi və tarixdən silinəz bir sənət mülkü yaratmışdır. Xalqın milli düşüncəsinə, ruhuna yaxın yaradan aşıq milyonlarla insanın dillər əzbəri olan şeirlərin müəllifi kimi şöhrətləndi. Xalq çeşməsindən su içmiş Aşıq Ələskər yaradıcılığı söz dünyasında dəst-xətti, fərdi üslubu ilə seçilmiş və yeni çalarları ilə aşıq yaradıcılığında yeni bir mərhələ yaratmışdır. Aşıq poeziyasını həyati müşahidələrlə zənginləşdirərək, həm məzmun, həm də forma rəngarəngliyi ilə seçilən - dodaqdəyməz, müxəmməs, qıfılbənd, təcnis, cığalı təcnis, gəraylı, divani və s. bu kimi şeir növləri ilə yaradıcılıq irsinə rəngarənglik bəxş etmiş və ustad aşıq olduğunu təsdiqləmişdir.El sənətkarı dövrünün bir sıra görkəmli aşıqlardan dərs almış, özündən sonra gələn aşıqlara qüvvətli təsir göstərmişdir. Demək olar ki, aşıq yaradıcılığının bütün sahələrinə müraciət etmiş və Azərbaycan ədəbiyyatında böyük iz buraxmışdır. Belə sənətkarlara dövlətimiz tərəfindən böyük diqqət göstərilir. Onların yaradıcılığına böyük qiymət verilir, yubiley tədbirləri keçirilir. Bu, Azərbaycan milli mədəniyyətinə, sənətinə olan diqqətdən qaynaqlanır.

Bildiyimiz kimi, bu il Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 18 fevral 2021-ci il tarixində Sərəncam imzalayıb. Sərəncamdan irəli gələrək, çoxəsrlik keçmişə malik aşıq sənəti ənənələrinə ən yüksək bədii-estetik meyarlarla yeni məzmun qazandırmış, xalq ruhuyla həmahəng əsərləri ilə Azərbaycanın mədəni sərvətlər xəzinəsinə misilsiz töhfələr bəxş etmiş Aşıq Ələsgərin anadan olmasının 200-cü ildönümü ölkəmizdə təntənəli şəkildə qeyd olunmaqdadır. Böyük sənətkarın vətənpərvərlik hisslərini aşılayan, doğma təbiətimizi vəsf edən yaradıcılıq dünyası Azərbaycan ədəbiyyatının parlaq səhifələrindəndir. Aşıq sənətində öz çəkisi olan Aşıq Ələsgər çox sayda yetirmələrindən ibarət bir məktəb formalaşdırmış və gələcəyin məşhur el şairlərinə qüvvətli təsir göstərmişdir. Onu da vurğulamaq yerinə düşər ki, Azərbaycan aşıq sənətinin ümumbəşəri dəyərlər sırasında qorunan dünya qeyri-maddi mədəni irs nümunələri siyahısına salınması həm də Aşıq Ələsgər sənətinə ehtiramın təzahürüdür.

Bu günlərdə isə Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi, böyük el sənətkarı Aşıq Ələsgərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakı şəhərində ustad sənətkarın abidəsinin ucaldılması məqsədi ilə Sərəncam imzalayıb. Sərəncama əsasən, Bakı Şəhər İcra Hakimiyyəti Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə birlikdə Aşıq Ələsgərin abidəsinin ucaldılması ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin edəcək. Vurğulamaq yerinə düşər ki, Aşıq Ələsgərin zəngin poetik irsinin geniş tədqiqi, nəşri və təbliğinin mühüm mərhələsi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Sənətkarın yubileyləri məhz Ulu Öndərin təşəbbüsü ilə dövlət səviyyəsində qeyd edilmişdir. Böyük söz ustadının respublikamızda və onun hüdudlarından kənarda 150 illik yubiley mərasimləri keçirilərkən əlamətdar hadisə baş vermiş, azərbaycanlıların əzəli yurdlarından olan qədim Göyçə mahalında, doğulduğu kənddə Aşıq Ələsgərin qəbirüstü abidəsi ucaldılmışdı. Həmin əzəmətli büst soydaşlarımız öz dədə-baba torpaqlarından didərgin salındıqdan sonra erməni vandalları tərəfindən dağıdılsa da, milli-mədəni varlığımızın tərkib hissəsinə çevrilmiş Aşıq Ələsgər irsi silinməz tarixi yaddaş rəmzi kimi yaşamaqdadır.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə