Bildiyimiz kimi, bu il Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 18 fevral 2021-ci il tarixində Sərəncam imzalayıb. Sərəncamdan irəli gələrək, çoxəsrlik keçmişə malik aşıq sənəti ənənələrinə ən yüksək bədii-estetik meyarlarla yeni məzmun qazandırmış, xalq ruhuyla həmahəng əsərləri ilə Azərbaycanın mədəni sərvətlər xəzinəsinə misilsiz töhfələr bəxş etmiş Aşıq Ələsgərin anadan olmasının 200-cü ildönümü ölkəmizdə təntənəli şəkildə qeyd olunmaqdadır. Böyük sənətkarın vətənpərvərlik hisslərini aşılayan, doğma təbiətimizi vəsf edən yaradıcılıq dünyası Azərbaycan ədəbiyyatının parlaq səhifələrindəndir. Aşıq sənətində öz çəkisi olan Aşıq Ələsgər çox sayda yetirmələrindən ibarət bir məktəb formalaşdırmış və gələcəyin məşhur el şairlərinə qüvvətli təsir göstərmişdir. Onu da vurğulamaq yerinə düşər ki, Azərbaycan aşıq sənətinin ümumbəşəri dəyərlər sırasında qorunan dünya qeyri-maddi mədəni irs nümunələri siyahısına salınması həm də Aşıq Ələsgər sənətinə ehtiramın təzahürüdür.
Bu günlərdə isə Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi, böyük el sənətkarı Aşıq Ələsgərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakı şəhərində ustad sənətkarın abidəsinin ucaldılması məqsədi ilə Sərəncam imzalayıb. Sərəncama əsasən, Bakı Şəhər İcra Hakimiyyəti Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə birlikdə Aşıq Ələsgərin abidəsinin ucaldılması ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin edəcək. Vurğulamaq yerinə düşər ki, Aşıq Ələsgərin zəngin poetik irsinin geniş tədqiqi, nəşri və təbliğinin mühüm mərhələsi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Sənətkarın yubileyləri məhz Ulu Öndərin təşəbbüsü ilə dövlət səviyyəsində qeyd edilmişdir. Böyük söz ustadının respublikamızda və onun hüdudlarından kənarda 150 illik yubiley mərasimləri keçirilərkən əlamətdar hadisə baş vermiş, azərbaycanlıların əzəli yurdlarından olan qədim Göyçə mahalında, doğulduğu kənddə Aşıq Ələsgərin qəbirüstü abidəsi ucaldılmışdı. Həmin əzəmətli büst soydaşlarımız öz dədə-baba torpaqlarından didərgin salındıqdan sonra erməni vandalları tərəfindən dağıdılsa da, milli-mədəni varlığımızın tərkib hissəsinə çevrilmiş Aşıq Ələsgər irsi silinməz tarixi yaddaş rəmzi kimi yaşamaqdadır.
Zümrüd BAYRAMOVA