Üzeyir Hacıbəylinin ev muzeyində Zəfər Gününə həsr olunmuş konsert keçirilib FOTOLAR

Bakı şəhəri Rəşid Behbudov adına 2 nömrəli onbirillik musiqi məktəbinin şagirdləri məktəb rəhbərliyinin təşəbbüsü ilə Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin ev muzeyini ziyarət edərək, Zəfər Gününə həsr olunmuş konsert proqramı keçirib.

Tədbirdən öncə dahi bəstəkarın ev muzeyinin direktor müavini Gülnarə Ələsgərova şagirdlərə Üzeyir Hacıbəylinin həyat və yaradıcılığı, bəstəkarın ailəsi, ona məxsus ev əşyaları və eksponatların tarixçələri barədə geniş məlumat verib.

Ekskursdan sonra musiqi məktəbinin şagirdləri piano, tar və qanun alətlərində Üzeyir Hacıbəylinin bəstələdiyi əsərləri ifa ediblər.

Tədbirdə çıxış edən fortrepiano ixtisası üzrə müəllimə Səbinə Bağırova ilk olaraq məktəbin rəhbərliyi və müəllim heyəti adından Zəfər Günü ilə bağlı hər kəsi təbrik edib, Müzəffər Sərkərdə, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Qarabağın düşmən işğalından azad edilməsinin Azərbaycan xalqı üçün qürur mənbəyi olduğunu vurğulayıb, torpaqlarımızın bütövlüyü uğrunda həyatlarını qurban vermiş şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə cansağlığı və şəfa arzulayıb.

O, qeyd edib ki, belə bir ərəfədə dahi bəstəkarımız Üzeyir Hacıbəyovun ocağında toplaşaraq Zəfər Gününə həsr olunmuş konsertin keçirilməsi ölməz sənətkarımızın da ruhunu şad edir və bu kimi mədəniyyət tədbirlərinin keçirilməsi ənənəvi hal olması ilə yanaşı, eyni zamanda, gələcək nəslin milli-mədəni və vətənpərvər ruhunda böyüməsinə öz töhfələrini verəcəkdir.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə