Bakıda Rusiyanın Milli Birlik Günü qeyd olunub

Noyabrın 4-də Rusiyanın Milli Birlik Günü qeyd edilib. Bu münasibətlə Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında Rusiya səfirliyinin və “Rossotrudniçestvo”nun ölkəmizdəki nümayəndəliyinin dəstəyi ilə bayram konserti keçirilib.

SİA xəbər verir ki, əvvəlcə müqəddəs Mixail Arxangel Kilsəsinin xorunun ifasında Azərbaycan və Rusiyanın Dövlət himnləri səsləndirilib.

Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov bu əlamətdar gün haqqında danışaraq deyib: “Biz Rusiyanı dəstəklədiyinə, münasibətlərimizdə sadiq qaldığımız strateji tərəfdaşlıq ruhunda fəal qarşılıqlı fəaliyyətə görə qardaş Azərbaycana çox minnətdarıq. Bugünkü konsert xalqlar dostluğuna və mədəni müxtəlifliyə həsr olunub. Bu gün bizimlə bu bayramı bölüşən hər kəsə dərin minnətdarlığımı bildirirəm”.

Tədbirdə Dövlət Rus Dram Teatrının aktyorları, Bakı Xoreoqrafiya Akademiyasının artistləri, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının müəllim və tələbələri, folklor kollektivləri və başqaları çıxış ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə