Sənət adamlarının Zəfər Günü ilə bağlı TƏƏSSÜRATLARI NECƏDİR? - SORĞU

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə 2020-ci il sentyabrın 27-dən etibarən başladığı zəfər yürüşündə inanılmaz uğurlar əldə etmişdir. 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində rəşadətli Azərbaycan Ordusu tərəfindən Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndləri, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsi, o cümlədən Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad edilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınmışdır. Bu gözəl gün bütün azərbaycanlıların qəlbində böyük sevinc hissini oyatmışdı. Bəs görəsən dəyərli şəxsiyyətlərimiz bu unudulmaz gün haqqında nə düşünür. SİA olaraq xalq artistləri və teatr sənətkarları arasında sorğu keçirdik:

Azərbaycan Respublikasın Xalq artisti Rafiq Əzimov: “Hər bir sənət adamı kimi məndə qürur hissi duyuram ki, bu günləri yaşayıram. Allah bizim şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Arzu edirəm ki, qüvvətli ordumuz daim ayıq-sayıq olsunlar. Düşmənə qalib gəlmək hər bir azərbaycanlının qürur hissidir ki, biz bunu yaşadıq. 30 ildir ki, biz bu dərdi çəkirdik və nəhayət qalib gəldik. Mən bir azərbaycanlı sənət adamı kimi fəxr edirəm ki, bizim Ali Baş Komandanımız kimi bir başçımız var. Allah İlham Əliyev cənablarına qüvvət versin, ömrünün axırına kimi bu şərəfi, bu qüruru yaşasın. Mən bütün Azərbaycan xalqını, bütün dünya azərbaycanlılarını təbrik edirəm. Bu qürurlu Zəfər bayramını başa vurduğumuz üçün fəxr edirəm. Prezidentimizin "Dəmir yumruğ"u həmişə düşmənin başını əzəcək. Biz daima qürur hissi ilə yaşayırıq, bundan sonra da yaşayacayıq. Allah Azərbaycanımızı qorusun! Var olsun Ali Baş Komandan! Yaşasın Azərbaycan!”.

Azərbaycan Respublikasının Xalq artisti Firəngiz Mütəllimova: “Gözəl vətənimizin, xalqımızın zəfər bayramını sözlərlə ifadə etmək çox çətindir. Mən hələ də inana bilmirəm, elə bilirəm ki, yuxu görürəm. Allah şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun. Azərbaycanın şanlı ordusuna, əsgərlərimizə halal olsun. Mən “Xarı Bülbül” festivalında olanda da bu barədə öz təəssüratlarımı bölüşmüşdüm. İnsana elə gəlir ki, şəhidlərimizin ruhları bizim ətrafımızda gəzir. Mən əyilib o torpaqları öpdüm, çünki, onların ayaqları bu torpaqlara dəyib. Çox sevinirəm, elə bilirəm ki, itirmiş nəyim varsa hamısını özümə qaytarıblar. Ən böyük arzum da odur ki, heç bir Azərbaycan xalqı, milləti, vətəndaşı həsrət nədir bilməsin. Çünki, bu dünyada ən pis hiss vətənə həsrət qalmaqdır. Hər dörd fəsil gələndə Şuşanı ürəyim istəyirdi və hər dəfə deyirdim ki, kaş Şuşada olaydım. Ona görə də böyük inamla, əhval-ruhiyyə ilə məndə bir qarabağlı, şuşalı olaraq çox sevinirəm. Həmişə zəfərli olaq!".

AZDRAMA-nın rejissoru Mərahim Fərzəlibəyov: “Azərbaycanın 100 illik tarixində bəlkə də xalqımız belə bir sevinc yaşamamışdı. Çünki, bu elə bir sevincdir ki, hər evə xoşbəxtlik gətirir, elə evlər də var ki, gələn xəbərin zirvəsində şəhidlik adı ucalır. Biz məhz öz şəhidlərimizin, qazilərimizin və Ali Baş Komandanımızın böyük ideyaları, qərarları əsasında 30 il işğalda olan torpaqlarımızı azad edə bildik. Əlbəttə bu azadlıq digər azadlıqlardan daha şirindir. Həqiqətən də azad yaşamaq gözəl hisdir. Bu azadlığı bizə yetirən, bizi bu azadlığa qovuşduran şəhidlərimizə, qazilərimizə və Ali Baş Komandanımıza böyük minnətdarlığımı bildirirəm”.

Azərbaycan Respublikasın Xalq artisti Cəfər Namiq Kamal: “Bu gözəl gün bizim əziz və doğma günümüzdür. Biz bu günü həsrətlə 30 il gözləmişik və bu gün üçün də çox sevinirik. Mən hər il müalicə üçün Rusiyaya gedirdim və biz ermənilərlə qarşılaşanda başımız çox aşağı idi. Onlar özlərini çox eqoist göstərirdilər. Onlar bizə baxıb düşünürdülər ki, gəlib burada heçnə olmamış kimi müalicə alırlar amma torpaqları 30 ildir bizdədir. Mən hələ ki, torpaqlarımıza gedə bilməmişəm, yollar açıldıqdan sonra gedəndə isə fəqli cür gedəcəyəm. Doğrudan da əvvəllər biabrçılıq idi. Yəni 10 milyon xalq 2 milyon cəmiyyətin əlində əsir qalmışdı. Məlumdur ki, onların arxasında dayanan dövlət var idi. Lakin, bizim də qardaş ölkəmiz arxamızda oldu. Bu həmişə də belə olacaq”.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə