Azərbaycan musiqisinin təbliğinə verəcək töhfə

Azərbaycan Muğam Mərkəzi ilə Rusiya Milli Musiqi Muzeyi arasında memorandum imzalanıb

Moskvada Azərbaycan Muğam Mərkəzi ilə Rusiya Milli Musiqi Muzeyi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

SİA-nın Rusiya bürosunun məlumatına görə, Moskvada iki mədəniyyət ocağı arasında əməkdaşlığa həsr olunan tədbirdə sənədi Azərbaycan Muğam Mərkəzinin direktoru, Xalq artisti Murad Hüseynov və Rusiya Milli Musiqi Muzeyinin baş direktoru Mixail Brızqalov imzalayıblar.

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin və Azərbaycanın Rusiyadakı səfirliyinin dəstəyi ilə keçirilən mərasimdə Rusiya Milli Musiqi Muzeyinin baş direktoru Mixail Brızqalov bildirib ki, rəhbərlik etdiyi muzey və Beynəlxalq Muğam Mərkəzi 10 ildən artıqdır əməkdaşlıq edir və bir çox birgə tədbirin təşkilatçısı olublar. Hazırda imzalanan sənədin qarşılıqlı əlaqələrin daha da genişləndirilməsinə kömək edəcəyini vurğulayan M.Brızqalov Beynəlxalq Muğam Mərkəzi ilə birlikdə həm Moskvada, həm də Bakıda birgə layihələrin, o cümlədən muğam sənətinin təbliğinə yönəlmiş layihələrin həyata keçirilməsinin nəzərdə tutulduğunu qeyd edib.

Beynəlxalq Muğam Mərkəzinin direktoru, Xalq artisti Murad Hüseynov çıxışında qədim tarixə və çoxillik ənənələrə malik Rusiya Milli Musiqi Muzeyi ilə əməkdaşlığın əhəmiyyətindən danışıb. Onun sözlərinə görə, memorandum Azərbaycan ilə Rusiya arasında mədəni əlaqələrin genişlənməsinə, muğam sənətinin və bütövlükdə Azərbaycan musiqisinin təbliğinə töhfə verəcək.

Memorandumun imzalanması mərasimindən sonra muğam ustalarının ifasında konsert proqramı təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...