Canəli Əkbərov hər zaman muğam sənətini yüksək səviyyədə təmsil edib - Polad Bülbüloğlu

Əziz Canəli Əkbərovun vəfatı xəbəri məni son dərəcə kədərləndirmişdir. Bu, Azərbaycan incəsənəti, mədəniyyəti üçün böyük itkidir.

SİA Azərbaycanın Rusiyadakı Səfirliyinə istinadən xəbər verir ki, bunu səfir, Azərbaycan Respublikasının xalq artisti, professor Polad Bülbüloğlu deyib.

O bildirib ki, məşhur xanəndələr Seyid və Xan Şuşinskilərin tələbəsi olan Canəli Əkbərov Azərbaycan muğam sənətinin klassik ənənələrini davam və inkişaf etdirmişdir. Milli operamızın səhnəsində bir sıra gözəl obrazlar yaratmışdır. Bu obrazların mürəkkəb və çoxşaxəli mahiyyətini məharətlə açmağı bacaran sənətkarın nəinki vokal, eyni zamanda aktyorluq istedadı da özünü göstərmişdir:

"Mən hər zaman təvazökarlığı və insani keyfiyyətləri ilə seçilən, bu xüsusiyyətləri ömrünün sonuna qədər saxlaya bilən Canəli müəllimin sənətini yüksək qiymətləndirmişəm, ona dəstək olmuşam. Onun demək olar bütün fəxri ad və mükafatları mənim Mədəniyyət nazirliyinə rəhbərlik etdiyim dövrə təsadüf edir. Dəfələrlə onunla yol yoldaşı olmuşuq, hətta bir səhnəni bölüşmüşük. O vaxtlar xarici ölkələrə birgə səfərlər etmişik və Canəli Əkbərov hər zaman Azərbaycan muğam sənətini yüksək səviyyədə təmsil etmişdir.

Canəli müəllim Cabbar Qaryağdının, Xan və Seyid Şuşinskilərin, ümumiyyətlə, Qarabağ muğam məktəbini yaşatmaq üçün böyük səylər göstərmiş, yeni nəsil ifaçılar yetişdirmiş, öz istedadı və təcrübəsi ilə bölüşmüşdür.

Onun əziz xatirəsi hər zaman mənim qəlbimdə yaşayacaqdır. Mərhumun ailəsinə və yaxınlarına, həmkarlarına və tələbələrinə, onun unudulmaz istedadının bütün pərəstişkarlarına dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin!".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...