Ankarada “Qardaşlıq dastanı”nın premyerası olub

Bu gün Ankaranın Konqres və Sərgi Mərkəzində “Bir millət – iki dövlət” adlı vizual tamaşa - teatr və rəqs kompozisiyası nümayiş olunub.

SİA-nın əldə etdiyi məlumata görə, Türkiyə və Azərbaycandan 100 sənətçinin iştirakı ilə lirik, müasir və xalq rəqsləri, teatral səhnələrin bir arada olduğu ilkin təqdimat 12 fərqli səhnə performansını əhatə edib.

Layihənin rəhbəri məşhur “Anadolu atəşi” rəqs qrupunun yetirməsi Serhat Turak
bildirib ki, “Qardaşlıq dastanı” uzun illərdir xəyalında qurduğu senarinin nəticəsində ərsəyə gəlib.

S.Turak deyib ki, Türkiyə və Azərbaycan haqqında Nuh tufanı, Novruz şənlikləri, Türkiyə və Nizami Gəncəvi, Mövlanə, Cəlaləddin Rumi, Mehmet Akif Ərsoy, Əhməd Cavad və s. görkəmli şairlərimizin həyat və yaradıcılığını əks etdirən vizual tamaşadakı hadisələr, eləcə də, zəfərə qədər uzanan yolun Dədə Qorqudun dili ilə nəql olunur ki, bu da əsərin bütün türk dünyasını əhatə etməsini şərtləndirir.

Tədbirin təşkilatçısı Türkiyə İgdır Vəqfinin sədri Özgür İnan Zor bildirib ki, bu layihənin ərsəyə gəlməsində Serhat Turakın rəqs kollektivi ilə birgə 5 illik əməyi var.

Qeyd edək ki, Serhat Turak əslən azərbaycanlıdır. O, İgdır Fondu İdarə Heyətinin üzvüdür və “Anadolu atəşi” qrupunun rəqqası kimi illərdir dünyanı dolaşaraq türkçülüyü, türk mədəniyyətini təbliğ edir.

Layihənin Türkiyə və Azərbaycanla yanaşı, digər türkdilli ölkələrdə, habelə Avropada da təqdim edilməsi nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə