“Kamil Əliyev: rəssam və dövr” adlı sərgi

Oktyabrın 21-də Azərbaycan Milli Xalça Muzeyində “Kamil Əliyev: rəssam və dövr” adlı sərgi açılıb.

SİA xəbər verir ki, sərgi Prezident İlham Əliyevin Sərəncamına uyğun olaraq, Xalq rəssamı Kamil Əliyevin 100 illik yubileyinə həsr edilib.

Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova bildirib ki, dahi sənətkar bütün ömrünü xalça sənətinin parlaq ənənələrinin yaşadılmasına və inkişafına həsr edib. Kamil Əliyevin misilsiz nailiyyəti – xalçanın səthində realistik, sanki canlı insan obrazını yaradan ən incə rəng, işıq-kölgə çalarları ilə işləmək bacarığı idi. Yaradıcılıq boyu Kamil Əliyev onlarla xalça – Azərbaycan və digər ölkələrin tanınmış siyasi və incəsənət xadimlərinin portretlər qalereyasını yaradıb. Klassik xalça irsindən bəhrələnərək rəssam çoxsaylı ornamental kompozisiyaların da müəllifidir. Sənətkar sarı və qızılı rənglərin çoxsaylı çalarlarını və onların ahəngini əsərlərinin böyük qismində məharətlə istifadə edib.

Azərbaycanın mədəniyyət naziri Anar Kərimov Xalq rəssamı Kamil Əliyevin 100 illik yubileyini paytaxtın ən gözəl muzeylərindən birində keçirilməsindən məmnunluğunu ifadə edib. Bildirib ki, görkəmli rəssamın yaradıcılığı dövlət tərəfindən daim yüksək dəyərləndirilib. O, bir çox dövlət mükafatları ilə təltif olunub, sağlığında 80 illiyi, vəfatından sonra isə 90 illiyinin dövlət səviyyəsində qeyd olunması ilə əlaqədar dövlət başçıları tərəfindən sərəncamlar imzalanıb. “Çox sevindirici haldır ki, bir neçə gün əvvəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Kamil Əliyevin 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncam imzaladı. Bu da sənətkarın bizə miras qoyduğu irsin müasir dövrdə incəsənətimiz üçün aktual olduğunu bir daha sübut edir”, - deyə nazir vurğulayıb.

Bildirib ki, Kamil Əliyev uzun və çox məhsuldar yaradıcılıq həyatı boyunca siyasi və ictimai xadimlərin, klassik şair və mütəfəkkirlərin, tanınmış mədəniyyət nümayəndələrinin obrazlarını xalça üzərində parlaq şəkildə canlandırıb. Xalq rəssamı Kamil Əliyevin fərdi sərgiləri ölkəmizlə yanaşı, Paris, London, Tokio, Dehli, Ankara, İstanbul, Tehran, Moskva, Kiyev və digər şəhərlərin nüfuzlu muzey və qalereyalarında keçirilib. Onun müəllifi olduğu xalçalar dünyanın məşhur muzeyləri və şəxsi kolleksiyalarında saxlanılır.

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov deyib: “Millətin tarixində qalan insanların dəyəri ondadır ki, o, millətin xatirəsindən silinmir. Onun yaradıcılığı dünyanın dörd tərəfində tanınır. Kamil Əliyev dedikdə Azərbaycan xalça sənəti zaman kontekstində təhlil edilməlidir. O, xalçaçılığın bir simvolu olaraq bu diqqəti özündə saxlayır. İrəvandan sürgün olunan Kamil Əliyev hələ o dövrün siyasi təlatümlərini yaşayıb. O, mübarizliyini xalça sənətində axtardı. Kamil Əliyev 1930-cu illərin ağır represiyalarından keçmiş bir insan kimi daim böyük simaları müdafiə etmişdi”.

R.Hüseynov vurğulayıb ki, mənfur ermənilərin Azərbaycan xalçalarını öz adlarına çıxarmaları cəhdlərinə qarşı Kamil Əliyev fəal mübarizə apararaq, milli xalçaçılıq mədəniyyətimizi dünyada təbliğ edirdi.

Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov bildirib ki, Kamil Əliyev hələ uşaqlıq illərindən xalça toxumağa başlayıb və bütün həyatını bu sənətə həsr edib. Kamil Əliyevlə xatirələrini bölüşən F.Xəlilov onun incə yumora malik, həqiqəti müdafiə edən insan olduğunu diqqətə çatdırıb.

Xalq rəssamı Eldar Mikayılzadə çıxışında Kamil Əliyevin çoxşaxəli istedada malik xalçaçı-rəssam olduğunu vurğulayıb. Qeyd edib ki, o, süfrələrin toxunuşundan tutmuş zərgərlik əşyaların eskizlərinin hazırlanmasına qədər geniş fəaliyyətlə məşğul olurdu.

Xalçaçı Ədibə Musayeva Lətif Kərimov və Kamil Əliyev kimi insanların xatirəsinə göstərilən yüksək diqqət və ehtirama görə dövlətimizin başçısına və Azərbaycan Milli Xalça Muzeyinə toxucular adından minnətdarlığını bildirib. Hər iki şəxsiyyətlərlə birgə çalışmış Ə.Musayeva xalçaçılıq sənətinin incəliklərini məhz onların sayəsində öyrəndiyini deyib.

Xalq rəssamı Kamil Əliyevin qızı Nərminə Əliyeva atasının dünyada tanınmasından qürur hissi duyduğunu vurğulayıb, onun xatirəsinə göstərilən diqqətə görə təşəkkürünü bildirib.

Sərgidə görkəmli sənətkar Kamil Əliyevin müəllifi olduğu Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasında qorunan 18 xalça nümayiş etdirilib. Bundan əlavə, Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından rəssamın yaradıcılığına aid 3 xalça, habelə sənətkarın ailə arxivindən üç xalça və 5 eskiz də ekspozisiyada yer alıb.

Mədəniyyət Nazirliyinin və Azərbaycan Milli Xalça Muzeyinin təşkilatçılığı ilə açılan sərgi noyabrın 21-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...