Azərbaycan-Türkiyə qardaşlığı Ankarada da dəyərləndirilib

Ankarada 18 Oktyabr - Azərbaycanda Müstəqilliyin Bərpası Günü və dahi Azərbaycan şairi, böyük ədib və mütəfəkkir Nizami Gəncəvinin 880 illiyi münasibətilə mərasim təşkil olunub.

SİA xəbər verir ki, Azərbaycanın Türkiyədəki Səfirliyi, UNESCO üzrə Azərbaycan və Türkiyə milli komissiyalarının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə rəsmi şəxslər - səfirlər, deputatlar, qardaş ölkədə təhsil alan kursantlarımız, o cümlədən Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun və Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyevanın rəhbərliyi ilə Ankarada səfərdə olan nümayəndə heyətləri iştirak ediblər.

Mərasimin rəsmi hissəsində Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədov, Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Sərdar Cam və UNESCO üzrə Türkiyənin Milli Komissiyasının sədri vəzifəsini icra edən Dəniz Çakar çıxış ediblər.

Çıxışlarda şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunub, qazilərimizə Allahdan şəfa dilənib, Azərbaycan-Türkiyə qardaşlığı əcdadlarımızdan əmanət olan milli sərvət kimi dəyərləndirilib.

Dövlətçilik tariximizin ayrı-ayrı mərhələləri, Azərbaycan Xalq Cümhuriyyətinin qurulması, süqutunun səbəbləri, ötən əsrin sonunda müstəqilliyimizin bərpası prosesi barədə ətraflı məlumat verən səfir Rəşad Məmmədov diqqətə çatdırıb ki, ümummilli lider Heydər Əliyev xalqımızın tələbi ilə 1993-cü ildə ikinci dəfə siyasi hakimiyyətə qayıdanda ölkəmiz və dövlətimiz ağır təlatümlərlə üz-üzə idi. Ulu Öndər böyük uzaqgörənliklə Azərbaycanın dövlətçilik strategiyasını dəqiq hədəflər üzərində həyata keçirib və bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz bu strategiyanın nəticəsidir ki, Azərbaycan sürətlə qüdrətlənib və Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz Azərbaycan Ordusu işğalçı düşməni məhv edərək ərazi bütövlüyümüzü bərpa edib.

Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Sərdar Cam çıxışında vurğulayıb ki, Azərbaycanın qazandığı böyük Zəfər Türkiyədə böyük sevinc və məhəbbətlə qarşılanıb. Heç bir vaxt Qarabağın işğalı ilə barışmayan Türkiyə xalqı 44 günlük Vətən savaşında göz qırpmadan Azərbaycanın yanında olub.

Şanlı hərbi Zəfərimizi ən xoş sözlərlə təbrik edən UNESCO üzrə Türkiyənin Milli Komissiyasının sədri vəzifəsini icra edən Dəniz Çakar çıxışında böyük şair Nizami Gəncəvinin həyat və yaradıcılığına, əsərlərinin dünyəvi dəyərlərinə, fəlsəfi fikirlərinin əhəmiyyətinə geniş yer ayırıb.

Çıxışlarda dəfələrlə tədbirin iştirakçısı olan kursantlarımızın timsalında qəhrəman Azərbaycan Ordusu haqqında deyilən xoş sözlər və minnətdarlıq alqışlarla qarşılanıb.

Natiqlər diqqətə çatdırıblar ki, ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət!”, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir!” kəlamları həyat gerçəyinə, qardaşlıq amalına çevrilib.

Çıxışlarda Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə qazanılan uğur və nailiyyətlərdən geniş bəhs olunub. Diqqətə çatdırılıb ki, iki böyük liderin prinsipial mövqeyi və qətiyyətli qərarları ölkələrimizin inkişafında fundamental təməl yaradıb. Məhz bu birlik və qüdrətli olmaq siyasəti nəticəsində Azərbaycan ötən otuz ildə ilk dəfədir ki, Müstəqilliyin Bərpası Gününü böyük əzəmət, fəxarət və qürurla qeyd edir.

Sonra tədbir maraqlı musiqi proqramı ilə davam edib.

Azərbaycanın Xalq artisti Mənsum İbrahimovun rəngarəng repertuarı və ecazkar səsi ilə “Qarabağ” muğam qrupu səhnəni fəth edib. Xanəndəni Azərbaycanın Əməkdar artistləri Elçin Həşimov (tar), Elnur Əhmədov (kamança) və Kamran Kərimov (nağara) müşayiət ediblər.

“Qarabağ” musiqi qrupunun Azərbaycana, Vətənimizin gözəlliyinə, Qarabağa, Şuşaya həsr etdiyi ifalar, eyni zamanda, Zəfər təravətli mahnılar solonda gurultulu əks-səda yaradıb.

Konsertin ikinci pərdəsində solistlər Demet Gürhan və Xosrov Hakan Amirini pianoda Gülər Dəmirova müşayiət edib.

Tamaşaçılar əsrarəngiz ifaları hərarətli alqışlarla qarşılayıblar.

Müəllif: Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...