Ermənilər Qarabağda tarixi və mədəni abidələrin 95 faizini məhv edib - Anar Kərimov

Ermənistanın 30 il ərzində işğal altında saxladığı Qarabağ ərazisində abidələrimizə münasibətdə həyata keçirdiyi vəhşiliyin əsas məqsədi Azərbaycan xalqının əsrlər boyu yaratdığı tarixi, mədəni irsi yer üzündən silmək olub. Uzun illər işğal altında olan, erməniləşdirilməyə və dağıntılara məruz qoyulan daşınmaz tarix-mədəniyyət abidələrimizin vəziyyəti bütün dünyaya bəllidir. İşğalçı Ermənistan tərəfindən əzəli torpaqlarımızdakı İslam mədəniyyəti abidələri tamamilə məhv edilib və ya erməniləşdirilib. İşğaldan azad olunmuş ərazilərdə təşkil edilən monitorinqlər zamanı bu ərazilərdə kitabxanalar, mədəniyyət evləri, mədəniyyət mərkəzləri, klublar, muzeylər, uşaq musiqi məktəbləri və s. mədəniyyət obyektlərinin qeydiyyatı aparılıb və onların hamısının tamamilə dağıdılmış vəziyyətdə olduğu müəyyən edilib. SİA xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov Türkiyənin Anadolu agentliyinə müsahibəsində deyib.

“Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən aparılan ilkin monitorinqlərin nəticələrinə əsasən işğaldan azad olunmuş ərazilərdə dövlət qeydiyyatına alınmış 706 tarix və mədəniyyət abidəsi var. Apardığımız monitorinq nəticəsində onların 95 faizinin dağıdıldığının şahidi olduq. Bizi ən çox məyus edən məscidlərimizə olan münasibətdir. Erməni vandalları bütün binaları dağıtdıqdan sonra məscidlərdə ev heyvanlarını saxlayıblar. İşğalı nəticəsində ermənilərin Qarabağda dağıdıb viran qoyduqları muzeylər, məscidlər, abidələr tək Azərbaycan xalqının mədəni irsinə deyil, bütün İslam dünyasına, ümumilikdə isə, bəşər mədəniyyətinə qarşı vandalizm aktıdır”,- deyə nazir vurğulayıb.

İşğaldan azad olunmuş ərazilərimizin bərpa olunmasının həm də mədəni irsimizin bərpası prosesindən keçdiyini söyləyən A.Kərimov aparılan monitorinqlərin abidələrin hərtərəfli öyrənilməsi, həyata keçiriləcək infrastruktur layihələrinin icrası və kommunikasiyaların qurulması zamanı tarixi abidələrin bərpasının uyğun formada təmin edilməsinə yardımçı olacağını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...