Azərbaycan xalça rəssamlığı sənətinin böyük ustadı

Dövlət başçısının Sərəncamı ilə Kamil Əliyevin anadan olmasının 100 illiyi qeyd olunacaq

Azərbaycan xalça rəssamlığı sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı, professor Kamil Əliyevin anadan olmasının 100 illiyi tamam olur. Böyük sənətkarın 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan xalçaçılığı və dekorativ-tətbiqi sənəti ənənələrinin qorunub saxlanılmasında və yeni inkişaf mərhələsinə yüksəldilməsində görkəmli xalçaçı-rəssam Kamil Əliyevin təqdirəlayiq xidmətləri nəzərə alınaraq, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqının təkliflərini nəzərə almaqla onun 100 illik yubileyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirəcək.

Bütün ömrünü xalqımızın mədəniyyəti tarixində müstəsna yer tutan xalçaçılıq sənətinin parlaq ənənələrinin yaşadılmasına və inkişafına sərf etmiş Kamil Əliyev milli naxış elementlərindən uğurla bəhrələnərək rəngarəng dekorativ motivlər yaratmış, Azərbaycan xalçaçılığı və tətbiqi sənətini daim yeni ornamentlərlə zənginləşdirmişdir. Bu il 100 illik yubileyini qeyd edəcəyimiz sənətkarın Azərbaycan rəssamlıq sənətində, xüsusilə də, xalçaçılıqda məxsusi yeri var. 1921-ci ildə Oğuz yurdu Qərbi Azərbaycanda, İrəvan xanlığının mərkəzi İrəvan şəhərində anadan olan sənətkar uşaq yaşlarından bu sənətə meyil göstərir və bunun nəticəsi olaraq, Bakı Rəssamlıq Məktəbində, tanınmış rəssam Əzim Əzimzadədən dərs alır. O, 3 il burada dekorasiya şöbəsində oxuyur və müəllimlərinin məsləhəti ilə "Azərxalça" birliyində eksperimental laboratoriyada köçürücü rəssam kimi işləməyə başlayır. Kiçik yaşlarından başlayaraq, onu təqib edən uğurlar peşəkar sənətkar olaraq yetişməsinə təsirini göstərir. Həyat və sənət yolu müxtəlif məqamlardan keçən sənətkarın bu illər yaradıcılıq dünyasına ştrixlər əlavə edir. Belə ki, Kamil Əliyev Böyük Vətən müharibəsində iştirak etmiş, Vətənə 22 orden və medalla qəhrəman kimi dönmüşdür.

Kamil Əliyev Bakı Bədii Rəssamlıq Fondunda çalışarkən fil sümüyündən, qızıldan, gümüşdən onlarla orijinal əntiq əşyanın, gümüş dolça, çaydan, armudu stəkan dəstlərinin bədii tərtibatçısı, rəssam müəllifi kimi özünü təsdiqləmişdir. Bununla da, bədii sənət üzrə fəxri fərmanın da, respublikanın tətbiqi incəsənət ustası adının da ilk sahibi olmuşdur. Kamil Əliyev öz yaradıcılığı ilə Azərbaycan xalq dekorativ-tətbiqi sənətini yeni yüksəkliklərə qaldıran, xalça sənətinin incəliklərini qoruyub-saxlayaraq, onu daha da zənginləşdirən, xalçada rəngarəng milli naxışlar, rəng çalarları, müxtəlif kompozisiya və süjetlər yaradan görkəmli bir sənətkardır. Qeyd etdiyimiz kimi, Kamil Əliyev milli mənliyimizi təmsil edən bu sahəyə hələ gənc yaşlarından gəlmişdir. O, 1930-cu illərdə Bakı Rəssamlıq Məktəbində təhsil alarkən "Azərxalça" birliyində Lətif Kərimov, Qəzənfər Xalıqov, Kazım Kazımzadə və başqa görkəmli sənət adamları ilə birlikdə bacarıqlı ornamental rəssam kimi çalışmışdır.

PORTRET-XALÇALARI NÜMUNƏLƏRİNİN MÜƏLLİFİ

İkinci Dünya müharibəsinin iştirakçısı Kamil Əliyev 1946-cı ildə ordudan qayıtdıqdan sonra da öz sevimli peşəsini davam etdirir. Bir müddət o, Respublika Bədii Fonduna rəhbərlik edir, sonralar Bakı Zərgərlik Fabrikində direktor vəzifəsində çalışır. Həmin illərdə o, yalnız xalı, parça kimi toxuma mallarında yox, həmçinin, qızıl, gümüş və digər materiallarda da özünün mahir bədii tərtibatçı, ornamental rəssam kimi məharətini nümayiş etdirir. 1950-ci illərdən etibarən, Kamil Əliyevin yaradıcılığında süjetli xalıların və portret-xalçaların yaradılması aparıcı mövqe tutur. Bu illərdə sənətkar bir-birinin ardınca yüksək professionallıqla Azərbaycan klassiklərinin, görkəmli dövlət xadimlərinin portretlərini yaradır. O, portret xalçalarının bir silsiləsini Azərbaycan ədəbiyyatının korifeyləri olan Nizamiyə, Füzuliyə, Nəsimiyə həsr etməklə, xalqımızın poetik irsinə olan məhəbbətini büruzə vermişdir. Dünyada portret-xalçaların ən yaxşı nümunələrini Kamil Əliyev yaratmışdır. Bu sahədə ilk işi "Füzuli" xalçası olmuşdur. Kamil Əliyev ornamentdən istifadə edərək, şair və mütəfəkkirlərin yaradıcılığındakı hisslər və emosiyalar aləmini rəng çalarları vasitəsilə canlandıraraq, tamaşaçının mənəvi dünyasına təsir göstərir. Xalının uğuru rəssamı o qədər ruhlandırır ki, o, bir müddət keçəndən sonra, İmadəddin Nəsimi və Nizami Gəncəviyə həsr edilmiş xalıları da yaradır. Rəssam bu dahi şairlərimizin hər birinin yaradıcılığına və dünyagörüşünə xas olan cəhətləri xalça sənətinin ifadə vasitələri ilə açmağa səy göstərmiş və məqsədinə nail olmuşdur.

"BU, SÜLEYMAN DƏMİRƏLDİR, ONDA BƏS MƏN KİMƏM?"

Kamil Əliyev sənətinin gücünü göstərən digər nümunələrdən biri Türkiyənin 9-cu Prezidenti Süleyman Dəmirəlin portreti toxunmuş xalçadır. O, xalçaçı-rəssamın bu işini görərkən heyrətini gizlədə bilməyərək demişdi:"Bu, Süleyman Dəmirəldir, onda bəs mən kiməm?" Kamil Əliyev istifadə etdiyi bütün rəngləri topladığı bitki və ağaclardan özü alar, ipləri də özü boyayardı. Kamil Əliyevin türk xalqının böyük oğlu Atatürkə həsr etdiyi portret-xalısı tam başqa ovqatlı bədii üsluba malikdir. Bu portret-xalı Kamil Əliyevin ən böyük sənət uğurlarından sayılır. Turqut Özal, Süleyman Dəmirəl, eləcə də, neçə-neçə başqa dövlət, elm və mədəniyyət xadimləri bu xalçanı çox yüksək qiymətləndirib, Kamil Əliyev sənətinə böyük hörmətlərini, ehtiramlarını bildirmişlər.

"ONUN ƏSƏRLƏRİ AZƏRBAYCAN XALÇAÇILIQ SƏNƏTİNDƏ, RƏSSAMLIQ MƏKTƏBİNDƏ DAİM YAŞAYACAQLAR VƏ ÇOX GÖRKƏMLİ ƏSƏRLƏR KİMİ AZƏRBAYCAN MƏDƏNİYYƏTİ XƏZİNƏSİNDƏ ÖZ YERLƏRİNİ TUTACAQLAR"

Ömrünü-gününü xalqına həsr etmiş, öz xalqının taleyində əbədi iz qoymuş Böyük Dövlət Xadimi, Qüdrətli Şəxsiyyət Heydər Əliyevin Kamil Əliyev tərəfindən 1999-cu ildə yaradılmış yüksək bədii xüsusiyyətlər kəsb edən portreti də öz mükəmməlliyi ilə hər zaman seçilib. Kamil Əliyev Ulu Öndər Heydər Əliyevin ölkənin Ali Baş Komandanı kimi general libasında portret xalçasını yaratmışdır. Bu portret ictimaiyyət arasında böyük rəğbətlə qarşılanmışdır. Ulu Öndər Heydər Əliyevin portreti Onun 75 illiyinə hədiyyə idi. Ümummilli Liderimiz Heydər Əliyev portreti toxunmuş xalçaya baxarkən susmuş, əlini ilmələrə sürtərək demişdi ki, Kamil, sənin xalçaların dil açıb danışır, insanı söhbətə çağırır. Kamil Əliyevin yaradıcılıq irsini diqqətə çəkən Ulu Öndər Heydər Əliyev belə demişdir: "Onun əsərləri Azərbaycan xalçaçılıq sənətində, rəssamlıq məktəbində daim yaşayacaqlar və çox görkəmli əsərlər kimi Azərbaycan mədəniyyəti xəzinəsində öz yerlərini tutacaqlar".

Kamil Əliyev incəsənətimizi yüksəkliklərə qaldıran, onu öz əsərləri ilə daha da zənginləşdirən görkəmli şəxslərdən biridir. Rəssamın əsərləri Paris, London, Tokio, Dehli, Ankara, İstanbul, Tehran, Moskva, Kiyev və başqa şəhərlərin nüfuzlu muzey və qalereyalarında nümayiş etdirilərək, tamaşaçıların hüsn-rəğbətini qazanmışdır. Kamil Əliyevin böyük və zəngin yaradıcı əməyi dövlətimiz tərəfindən layiqincə qiymətləndirilmiş, "Xalq rəssamı" adına və ölkənin ən yüksək mükafatı olan "İstiqlal" ordeninə layiq görülmüşdür.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə