Parisdə Azərbaycan Milli Musiqi Günü qeyd edilib

Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəliyinin təşkilatçılığı ilə 18 sentyabr - Milli Musiqi Günümüz qeyd edilib. Sentyabrın 18-i həm də dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 136-cı il dönümüdür.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində təşkil olunmuş virtual konsertdə Şərqdə ilk operanın banisi Üzeyir Hacıbəylinin musiqiləri səsləndirilib.

Azərbaycan Dövlət Himni ilə başlayan virtual konsertdə pianoçu Etibar Əsədli böyük bəstəkarın “Arşın mal alan” operettasından “Qızların xoru”, böyük mütəfəkkir və şair Nizami Gəncəvinin əsərlərindəki obrazlara uyğun olaraq bəstələnən “Sənsiz” və “Sevgili canan” musiqilərini, həmçinin “Arazbarı” və “O olmasın, bu olsun” operettasından musiqiləri pianoda səsləndirib.

Üzeyir Hacıbəyli ölkəmizdə musiqini tədris etməyə, klassik və xalq musiqisini öyrənərək bədii xüsusiyyətlərini meydana çıxarmağa, müxtəlif musiqi kollektivləri yaratmağa nail olmuşdur. O, böyük bəstəkar və musiqi nəzəriyyəçisi kimi tanınıb.

Xatırladaq ki, Maestro Niyazı Üzeyir Hacıbəylinin vəfatından sonra hər il onun doğum günündə konsertlər təşkil etməklə bayram kimi qeyd edilməsi ənənəsinin əsasını qoymuşdur.

Ümummilli lider Heydər Əliyevin Fərmanı ilə Üzeyir Hacıbəylinin anadan olduğu gün - sentyabrın 18-i Milli Musiqi Günü kimi qeyd edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə