“...Bakı bütün dünyada etnik zəmində heç bir münaqişə olmayan çoxmillətli şəhərlərdən biridir”. SİA-nın məlumatına görə, bu fikirlər Kiyevdə doğulan məşhur sovet, rus və israilli aktyor Leonid Kanevskiyə məxsusdur.

Xatırladaq ki, Kanevskinin Bakı ilə ilk tanışlığı, gərək ki, 1968-ci ilə təsadüf edir. Belə ki, o həmin il Bakıda- İçərişəhərin qədim hissəsində çəkilən məşhur “Brilliant əl” sovet filminə çəkilmək üçün Bakıya gəlmişdi. Sonradan o aparıcısı olduğu “Araşdırma Leonid Kanevski ilə aparıldı” detektiv səpkili çəkilişlər üçün də Bakıda olub. Təbii ki, indi onun Azərbaycan-Bakı ilə bağlı xoş təəssüratları elə də təəccüblü görünməməlidir.

“...Mən dəfələrlə Bakıda olmuşam və bu gözəl şəhəri çox sevirəm. Yeri gəlmişkən, bu şəhər nümunəvi millətlərarası münasibətlərin bariz nümunəsidir. Bakı kimi beynəlxalq bir şəhər, fərqli millətlər arasındakı münasibətlər baxımından dünyada nadir ölkələrdən biridir”.

Deyim ki, bu da Kanevskinin Bakı, ümumiyyətlə, Azərbaycan ilə bağlı çoxsaylı etiraflarından biridir.

Yeri gəlmişkən, Leonid Kanevski bu gün hələ də mütəmadi olaraq Bakıya səfər etdiyini qeyd edir. “...Hər il ora getdiyimi hiss edirəm, çünki bu şəhəri çox yaxşı tanıyıram deyə, Bakıya tez-tez gedirəm”.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə