29 il sonra Vaqif poeziya günləri ən möhtəşəm şəkildə geri qaytarıldı - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“39 il bundan əvvəl Vaqif poeziya günlərinin keçirilməsi, həm də Molla Pənah Vaqifin məqbərəsinin açılması çox böyük tarixi hadisə idi. Çünki Ulu Öndər Heydər Əliyev yaxşı bilirdi ki, regionda mürəkkəb hadisələr baş verir, ermənilər Qarabağda bir qədər nüfuz sahibidirlər. Bu, süni sürətdə yaradılmış nüfuz olsa da, hər halda artıq kifayət qədər böyük gücə çevrilmişdi”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin üzvü Nizami Cəfərov deyib.

Deputatın sözlərinə görə, regionda Sovet dövləti yarandığı gündən azərbaycanlılar təzyiqlərə məruz qalırdı: “Bunu da Moskva dəstəkləyirdi və proseslər axıra qədər də bu cür davam etdi. Ona görə də Heydər Əliyev Azərbaycanın nüfuzunu Qarabağda, xüsusilə də Şuşada gücləndirməkdən ötrü Molla Pənah Vaqifin məqbərəsinin açılmasına və Vaqif poeziya günlərinin keçirilməsinə nail oldu. Bu günlər bir ənənəyə çevrildi və bu, o demək idi ki, Şuşa Azərbaycan torpağıdır. Şuşa Qarabağ xanlığının mərkəzi olub və eyni zamanda, Şuşanın nəhəng ədəbiyyat yaradıcıları var ki, onların hər biri azərbaycanlılardır”.

N.Cəfərov vurğulayıb ki, Molla Pənah Vaqif Şuşada böyük şair kimi yetişmiş, Azərbaycan ədəbiyyatında realizm adlandırılan cərəyanın başçısı idi: “Bu, o demək idi ki, Şuşa Azərbaycandan, onun mədəniyyətindən, ədəbiyyatından ayrılmaz bir hissədir. 29 il sonra bu günlərdə Vaqifin məqbərəsinin yüksək səviyyədə bərpası, Şuşaya Zəfər yolunun çəkilməsi, Vaqif məqbərəsi önündə Vaqif poeziya günlərinin möhtəşəm açılışı, Cənab Prezidentin olduqca məzmunlu və dəyərli çıxışı, Azərbaycanın ədəbiyyatının canlı klassiklərinin çıxışları Vaqif poeziya günlərini ən möhtəşəm şəkildə bir daha geri qaytardı”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə