"Məqbərə bizim mənəviyyatımızın və mədəniyyətimizin məqbərəsidir"

"Şuşada Vaqif məqbərəsini ilk dəfə illər əvvəl Ulu öndər Heydər Əliyev açmışdı, indi isə abidəni yenidən onun övladı Azərbaycanın Prezidenti cənab İlham Əliyev bərpa etdi". Bunu SİA-ya açıqlamasında Azərbaycan Dövlət və Mədəniyyət Universitetinin kafedra müdiri, dosent və Respublikanın əməkdar artisti Azad Şükürov deyib.

Onun sözlərinə görə, bu məqamda tarixlə bu gün arasında simvolik bağlar və əlaqələr yarandı: "Burada bir dəst-xətt mövcuddur. Tarixlər də bir-birinə uyğun oldu. Molla Pənah Vaqif Qarabağda həm dövlət xadimi, həm də mədəniyyət xadimi, eyni zamanda, söz adamı olub. Qarabağ hər zaman mədəniyyət adamlarını yetişdirməkdə tanınmış bölgədir. Bu mənada Vaqifin məqbərəsinin Şuşada açılması, əslində, bizim mənəviyyatımızın və mədəniyyətimizin məqbərəsinin açılmasıdır. Vaqif poeziyası həm də mədəni mövcudluğumuzun gücünü göstərir. Ermənistan Qarabağı işğal etdikdə bölgəyə bəla və dağıntı gətirdi. Amma biz ərazimizi vandalların işğaldan azad etdikdə isə, özümüzlə mədəniyyət apardıq. Mədəniyyət yenidən bu ərazilərdə göyərdi. Azərbaycan dövlətinin və xalqının siyasəti bundan ibarətdir. Ona görə təsadüfi deyil ki, "Xarıbülbül" festivalı burada keçirildi və Vaqifin məqbərəsinin açılışı burada oldu. Düşünürəm ki, bundan sonra da kütləvi tədbirlər keçiriləcək. Biz mədəniyyət işığı aparan və sənət yayan xalqıq. Bunu da bütün dünyaya göstəririk".

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə