İbrahimoviç haqqında filmin premyerası təxirə salınıb

İtaliyanın "Milan" klubunun futbolçusu Zlatan İbrahimoviç haqqında çəkilmiş "Mən Zlatanam" adlı filmin premyerası təxirə salınıb. SİA-nın verdiyi məlumata görə, bu barədə isveçli hücumçu sosial şəbəkə hesabında paylaşım edib. O, treylerin ilkin nümayişinin 2022-ci il yanvarın 14-də olacağını açıqlayıb.

Premyera əvvəlcə sentyabrın 10-na planlaşdırılsa da, koronavirus pandemiyası səbəbindən çəkilişlər gecikib. Treylerdə isveçli hücumçunun gənclik dövründən formalaşmağa başlaması əksini tapıb. Onun rolunu aktyorlar yerinə yetirirlər.

Qeyd edək ki, Zlatan İbrahimoviç İsveç "Malmö"sünün (1999 - 2001) yetirməsidir. O, daha sonra Niderlandın "Ayaks", İtaliyanın "Yuventus", "İnter" və "Milan", İspaniyanın "Barselona", Fransanın PSJ, İngiltərənin "Mançester Yunayted" və ABŞ-ın "Los-Anceles Qelaksi" komandalarında oynayıb. 2001 - 2016-cı illərdə İsveç yığmasının formasını geyinmiş İbrahimoviç ötən mövsüm "Milan"a qayıdıb. Təcrübəli forvard yığmaya da dönməsinə baxmayaraq, zədə üzündən AVRO-2020-ni buraxmalı olub.

Bütün xəbərlər Facebook səhifəmizdə