Qədim Roma istehkamları UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib

Avstriya, Almaniya və Slovakiyanın birgə müraciəti əsasında UNESCO-nun müvafiq komitəsinin iclasında Dunay çayı boyunca yerləşən qədim Roma dövrünə aid sərhəd istehkamları UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.
SİA xəbər verir ki, latınca limes (sərhəd) adlanan bu istehkam, qala və müdafiə məqsədli tikililər Roma imperiyası dövründə Böyük Britaniyadan başlayaraq Mərkəzi və Şərqi Avropaya, oradan isə Yaxın Şərq və Şimali Afrikaya uzanan geniş bir arealı əhatə edib. İndiyədək Böyük Britaniyada yerləşən Adrian və Antonius səddi (1987/2008-ci illər) və Almaniyada yerləşən Yuxarı German-Ret sərhəd istehkamları (2005) bu siyahıya daxil edilib. Dunay çayı boyunca yerləşən istehkam qalıqları ilə ümumi uzunluğu 6 min kilometrə çatan “Roma imperiyasının sərhədləri” adlı transmilli layihənin növbəti mərhələsi mötəbər siyahıda əks olunub.
Avstriyada 22 məntəqə Dunay istehkamları arasında yer alır. Onlar arasında mühüm arxeoloji qazıntı məkanları, qədim sərhəd istehkamları və onların bürcləri, nəqliyyat yolları və sərhəd yaxınlığındakı mülki yaşayış məskənləri də var.

Bütün xəbərlər Facebook səhifəmizdə