Araşdırmaçı yazar Mahmud Qaşqari medalına layiq görülüb - FOTOLAR

Azərbaycan Yazıçılar Birliyində Mahmud Qaşqari adına Beynəlxalq Fond tərəfindən verilən “Mahmud Qaşqari - 1000” medalının Türkiyəli araşdırmaçı yazar, Qərbi Azərbaycan İcmasının Ankara təmsilçisi Dr.Derya Akdemirə təqdimetmə mərasimi keçirilib. SİA-nın məlumatına görə, pandemiya şəraitində baş tutan tədbiri giriş sözü ilə Bakıda fəaliyyət göstərən Mahmud Qaşqari adına Beynəlxalq Fondun baş katibi Elxan Zal rəhbərlik etdiyi qurum barədə məlumat verib. Elxan Zal qeyd edib ki, fond 2006-cı ildə Xalq yazıçısı Anar, mərhum ədəbiyyatşünas alim Arif Əmrahoğlu və özü tərəfindən yaradılıb. O, fondun türk xalqları arasında körpü rolunu oynadığını və əsas məqsədinin ümumtürk düşüncəsi və mədəniyyətinin inkişafına töhfə vermək olduğunu bildirib.

E.Zal bu günə qədər fondun mükafatını alanlar sırasında Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəl, qazaxıstanlı yazıçılar - Oljas Süleymanov, Sabit Dosanov, qırğız şair Omar Sultanov, Azərbaycandan filologiya elmləri doktoru Ramiz Əskər, Xalq şairi Sabir Rüstəmxanlı, Xalq yazıçısı Çingiz Abdullayev, professor İlham Rəhimov və Əməkdar jurnalist Hikmət Babaoğlunun olduğunu deyib.

Araşdırmaçı yazar, Qərbi Azərbaycan İcmasının Ankara təmsilçisi Dr.Derya Akdemir bu medala layiq gördüklərinə görə Mahmud Qaşqari adına Beynəlxalq Fonduna öz dərin təşəkkürlərini bildirib və qeyd edib ki, bundan sonra da eyni templə Türk dünyasının, onun milli - mədəni zənginliklərinin qorunması istiqamətində fəaliyyətlərini davam etdirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə