Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda macar bəstəkar Bela Bartok anılıb
Beynalxalq Türk Mədəniyyəti və İrsi Fondunda dünyaca məşhur macar bəstəkarı Bela Bartokun anadan olmasının 140 illiyi münasibətilə tədbir keçirilib.
SİA xəbər verir ki, tədbirdə rəsmilər, fonda üzv və müşahidəçi ölkələrin, eləcə də Azərbaycanda akkreditə olunan səfirlər və nümayəndələr, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
Fondun prezidenti Günay Əfəndiyeva bildirib ki, Bela Bartokun bütün həyat və yaradıcılıq yolu cəsarət və nəciblik nümunəsidir. O, öz fərdi üslubunu əks etdirən bir çox gözəl əsərlər yaradıb və bu əsərlər XX əsr musiqi mədəniyyətinin ən yüksək nailiyyətlərindən biri hesab olunur.
“Bela Bartok böyük bəstəkar və pianoçu olmaqla yanaşı, həm də xalq yaradıcılığını dərindən bilən musiqi etnoqrafı idi. Bela Bartok Şərqi Avropa və türk ölkələrinin folklorunun Avropada ən tanınmış araşdırmaçılarından biri olub. O, macar və türk xalq musiqisinin yaxınlığını duyaraq onları tədqiq və müqayisə edib, bir-biri ilə genetik əlaqəsini sübut edib”, - deyə G.Əfəndiyeva bildirib.
Macarıstanın ölkəmizdəki səfiri Viktor Szederkenyi tədbirin əhəmiyyətindən söz açaraq deyib: “Macarıstan artıq 2 ildir Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun müşahidəçi ölkəsidir və biz bu sahədə türk dünyası ilə əməkdaşlığımızı dərinləşdiririk. Ortaq tarixi və mədəni mənşəyimizə görə türkdilli xalqları dost və qardaş hesab edirik”.
Bela Bartokun Budapeştdə mövcud elmi ədəbiyyatı və türk dilini öyrəndiyini deyən səfir bildirib ki, o, İstanbuldakı konservatoriya tərəfindən türk xalq ifaçılarından toplanan xalq musiqisi səsyazmaları kolleksiyasını da dinləyib.
Tədbirdə fondun himayəsində yaradılan “Dədə Qorqud” kamera orkestrinin ifasında bəstəkarın “Rumın xalq rəqsləri” və “Divertisment” əsərlərindən ibarət konsert proqramı təqdim edilib.
Qeyd edək ki, “Dədə Qorqud” kamera orkestri türk dünyasının zəngin mədəniyyət və incəsənətini, xalq yaradıcılığını, dahi bəstəkarlarının əsərlərini beynəlxalq aləmdə tanıtmaq məqsədilə yaradılıb. Orkestrin bədii rəhbəri və dirijoru Azərbaycanın Xalq artisti, professor Yalçın Adıgözəlovdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB