Pandemiya aktyorların fəaliyyətinə NECƏ TƏSİR EDİB?

Bildiyimiz kimi, ötən ildən ölkəmizdə xüsusi karantin rejimi tətbiq olundu. Koronavirus pandemiyası ilə əlaqədar sərt karantin və məhdudlaşma mədəniyyət sahəsində ən çox teatrların fəaliyyətinə təsir göstərib. Teatrların bağlanması ilə çox sayda aktyor da işsiz qalıb.
SİA bu məsələ ilə bağlı Akademik Milli Teatrda çalışan aktyor və aktrisaların fikrini öyrənib, onların iş fəaliyyətləri barədə məlumat alıb.

Akademik Milli Dram Teatrının aktrisası, eyni zamanda bir neçə filmlərdə rol alan, biri-birindən fəqli obrazlar yaradan Rada Nəsibova qeyd edir ki: “Aktyorun evi teatrdır, bu gün teatrlarımız bağlıdır və biz teatrsız demək olar ki, nəfəs almırıq. Hər gün xəbərləri izləyirik ki, bəlkə teatrların açılması ilə bağlı bir xəbər eşidərik, ancaq təəssüf ki, bu baş vermir”. Aktrisa qeyd edir ki, “Seriallarda ancaq çəkiliş olduğu vaxtlarda işə gedirik, amma teatr bizim gündəlik iş yerimiz idi, orada məşqlərimiz, tamaşalarımız olurdu, aktyorlarla canlı ünsiyyətdə olurduq, ancaq bu halda onların sevincindən, kədərindən xəbərimiz olur. Telefonla olan görüş canlı görüşün yerini əvəz etmir”.

Tanınmış sima çıxış yolunu qoyulan qaydalara riayət etməkdə görür. Arzu edir ki, xəstəlik tezliklə bitsin və əvvəlki vaxtlarına dönsünlər: “İnsanlar əvvəlki kimi rahat həyatlarına davam etsin, həmçinin, bu pandemiya da göstərdi ki, insanlar yaxşı günlərinin qədrini bilmirmiş və indi o günləri xatırlayıb nə gözəl günlərimiz var imiş deyir”.

Əməkdar aktist, Akademik Milli Dram Teatrının aktyoru Anar Heybətov SİA-ya verdiyi açıqlamada qeyd edir ki, pandemiya dövründə sənətçi yoldaşları ilə görüşür, onlarla bu barədə müzakirələr aparır: “Teatrlar karantinin ilk dövrlərindən bağlandı, bu da teatr sahəsinə öz mənfi təsirlərini göstərdi”.

Aktyor ümid edir ki, bu pandemiya tezliklə sonlanacaq ve yenidən teatra qayıdacaqlar.

Prezident mükafatçısı, Akademik Milli Dram Teatrının aktyoru Ramin Şıxəliyev öz açıqlamasında qeyd edib: “Pandemiya dövrü demək olar bu sahəni iflic vəziyyətinə saldı. Yəqin ki, bu da əvvəl-axır sonlacaq, biz də teatra qayıdacayıq. Teatrsız sudan çıxmış balıq kimiyik, nəfəs ala bilmirik. Hamımız teatr üçün, səhnə üçün darıxırıq. Tamaşaçıya öyrəşmişik, xalqın alqışlarını, onların nəfəsini eşitmək, duymaq istəyirik. Kinolara çəkildiyini deyən aktyor, ancaq teatrın yerinin başqa olduğunu, “canlı sənət” adlandırdığı teatrı yaşatmağın vacibliyini vurğulayıb. “Teatrlar açıldıqdan sonra tamaşaçıları qarşılayıb, onları işlərimizlə sevindirəcəyik. Bütün aktyorlar kimi, mən də arzu edirəm ki, yenidən teatrlar açılsın və işlərimizə qayıdaq”.

Azərbaycan Respublikasının xalq artisti Kazım Abdullayev də öz fikirlərini dilə gətirib. Pandemiyanın yaradıcılıq baxımından akytorlara mənfi təsir etdiyini, aktyorun həmişə fəaliyyətdə olmasının vacibliyini qeyd edib. İş fəaliyyətindən danışan aktyor çəkilişlərdə xüsusi karantin şərtlərinə riayət edildiyini, maskadan, spirtdən istifadə olunduğunu və sosial məsafənin də saxlanıldığını vurğulayıb və sözünə davam edən aktyor: “Teatr belədir ki, orada 500-dən çox adam olur, qaydaları tətbiq etmək çətindi. Ona görə də düşünürəm ki, teatrın bağlanması çox doğru bir qərardır. Mən də öz növbəmdə, peyvənd olunmuşam və hər kəs üzərinə düşən öhdəliklərə riayət edərsə, dünyamız bu bəladan tezliklə qurtular” şəklində öz açıqlamasını verib.

Xatırladaq ki, bu yaxınlarda xüsusi karantin rejimi ilə əlaqədar qoyulan məhdudiyyətlərin bir qismi aradan qaldırılsa da, teatrla bağlı qərarlar hələ də qüvvədədir. İnanırıq ki, sevilən aktyor və aktrisalarımızı yenidən səhnələrdə görə biləcəyik.

Nərmin Hüseynova

Bütün xəbərlər Facebook səhifəmizdə