“Rus qadını”nın 9-cu yeri tutması rusları qane etmir…

Niderlandda keçirilən "Avroviziya" mahnı müsabiqəsində Rusiyanı təmsil edən Tacikistan əsilli iştirakçı Manizha Sanqin, Rusiyada “millətçi siyasətçilər” və onlayn şərhçilərinin təhqirlərinə məruz qalıb. Səbəb, təbii ki, onun doqquzuncu yeri tutmasıdır. Məsələn, Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski nəticənin Rusiya kimi böyük bir ölkə üçün“bibırçılıq” adlandıraraq, Manizhanın müsabiqəyə göndərilməsinin “səhv bir addım” olduğunu bildirib.

Qeyd edək ki, bu rusların "Avroviziya" mahnı müsabiqəsi ilə bağlı birinci “narazılıqları” deyi. Xatırlayanlar olar, ruslar belə bir “haqsızlığa” qarşı “səslərini” hələ 2013-cü ildə də İsveçdə keçirilən "Avroviziya" mahnı müsabiqəsində Rusiyanı təmsil edən tatar əsilli Dina Qaripova 5-ci yeri tutanda da qaldırmışdılar. Maraqlıdır ki, ruslar, hətta dövlət səviyyəsində mahnı müsabiqəsini, onun təşkilatçılarını siyasiləşməkdə ittiham etmişdilər.

Ruslara görə, müsabiqəyə ayrı-ayrı dövlətlər tərəfindən göndərilən ballar, haradasa “itib-batır”, yəni, loru dildə desək oğurlanır. O da maraqlıdır ki, Kreml Azərbaycanın Rusiyadan olan iştirakçı Dina Qaripovaya verdiyi 10 balı ala bilməməsi barədə xəbərlərdən sonra, Rusiya Xarici İşlər naziri Sergey Lavrov da sərt münasibət bildirmiş və bunun cavabsız qalmayacağını bəyan etmişdi…

Yeri gəlmişkən, bu il Rusiyanı "Avroviziya" mahnı müsabiqəsində “Rus qadını” mahnısı ilə təmsil edən müğənni Manizha Sanqini rus cəmiyyəti elə əvvəldən birmənalı qarşılamamışdı. Hətta rusların əksəriyyəti tacik əsilli müğənnini “…rus qadınlarının ləyaqətini təhqir etdiyini və milli ahəngi pozduğuna” görə İstintaq Komitəsinə şikayət də etmişdilər. Bundan əlavə, Sanqinin müsabiqədə ifa etdiyi “Rus qadını” mahnısı Rusiya Federasiya Şurası ilə yanaşı, Rus Pravoslav Kilsəsi tərəfindən də tənqid olunmuşdu.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə