Bəstəkar Sevinc Tofiqqızı yaradıcılığında Əli Vəlioğlu şeiriyyatı YENİLİK+FOTOLAR

Tanınmış bəstəkar Sevinc Tofiqqızı bu dəfə səhnəyə növbəti yaradıcılıq müjdələri ilə gəlir. Bəstəkarın könülləri oxşayan bəstələri sırasına əlavə edilən daha bir sənət əsəri isə mərhum nəğməkar-şair Əli Vəlioğlunun sözlərinə yazılmış “Deyə bilmədim” mahnısıdır.

Bununla bağlı SİA-ya açıqlama verən bəstəkar onu da qeyd edib ki, mahnı duet xarakterlidir və onu Azərbaycanın xalq artisti Gülyanaq Məmmədova və Səbuhi Məmmədov ifa edirlər. “Artıq yeni mahnı MTV Azərbaycan televiziya kanalında izləyicilərə təqdim olunub”, deyə qeyd edən bəstəkar mahının sözlərini yazmış mərhum Əli Vəlioğlu haqqında da ürək sözlərini çatdırıb. “Əli müəllim çox istedadlı nəğməkar şairlərimizdəndir və onun şeirlərinə bəstələnən çoxsaylı mahnılar mövcuddur ki, mən də onun pərəstişkarı olaraq bir neçə şeirlərinə bəstələr etmişəm. O, son anlarına qədər Vətən həsrəti ilə yaşadı. Çünki Qərbi Azərbaycanın Mehri rayonunun Nüvədi kəndindən idi. Əbəs deyil ki, şeir toplularının bir hissəsi də Vətənini, el-obasını, gözəl və ruhlu təbiətini kədərlə xatırlamaqdan ibarət olub. Eyni zamanda, saf məhəbbət rəmzi də Əli müəllimin yaradıcılığının bir parçası kimi tərənnüm edilib. Ona görə də Əli Vəlioğlunun şeirləri hər zaman mənim yaradıcılığıma müsbət təsirlərini göstərib və sözlərinə mahnılar bəstələmişəm. Düşünürəm ki, yaxın gələcəkdə də onun yaradıcılığına müraciət edim”, deyə bildirən Sevinc Tofiqqızı xatırladıb ki, şairin sözlərinə ilk bəstələdiyi mahı “Arazın dərdi” kompozisiyası olub. “Deyə bilmədim” mahnısı isə ikinci bəstədir və artıq üçüncü bəstə üzərində çalışdığını da deyən Sevinc Tofiqqızı bunun hələlik sirr olaraq qalmasını istəyib.

Bəstəkar sonda qeyd edib ki, mahnının oranjimanı Fərahim Sadiqdir və onun da əməyi bu əsərin ərsəyə gəlməsində böyükdür. Sevinc Tofiqqızı həmçinin ümid edir ki, yeni mahnıya klip də çəkiləcək və xalqa təqdim olunacaq.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə