“Ənənələrimizi yaşadanlar” FOTOLAR

Azərbaycan Milli Xalça Muzeyində "Xalçaçı günü"nə həsr olunmuş "Ənənələrimizi yaşadanlar" adlı tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbiri Xalça Muzeyinin direktoru Şirin Məlikova açaraq bu günün əhəmiyyətindən danışaraq rəhbərlik etdiyi muzeyin tarixi, keçdiyi inkişaf yolu, fəaliyyəti, kolleksiyaları haqqında məlumat verib. O, muzeyin həyata keçirdiyi uğurlu layihələr, yerli və beynəlxalq əməkdaşlıq əlaqələri, gələcək planlarla bağlı iştirakçılara məlumat verib.

Bu gün ölkəmizdə xalçaçılıq sənətinin çiçəklənmə dövrünü yaşadığını vurğulayan Şirin Məlikova deyib: "Həm qədim xalçalarımız, həm də müasir rəssamların ərsəyə gətirdikləri xalçalar dünyanın müxtəlif muzeylərində saxlanılır. Azərbaycanın müxtəlif bölgələrində aparılan çoxsaylı elmi tədqiqat ekspedisiyalarının nəticəsi olaraq muzeyin fondu ölkənin maddi mədəni sərvətləri ilə zənginləşib".

Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva xalçaçıları peşə bayramı münasibətilə təbrik edərək Prezident İlham Əliyevin 25 noyabr 2016-cı il tarixli Sərəncamına əsasən "Xalçaçı günü"nün təsis olunmasının bu sahəyə dövlət səviyyəsində xüsusi diqqətin göstəricisi olduğunu vurğulayıb.

Nazir müavini bildirib ki, Azərbaycan xalçaçılığının beynəlxalq miqyasda təbliğində Birinci vitse-prezident Mehriban xanım Əliyevanın mühüm xidmətləri var. Mehriban xanımın təşəbbüsü ilə 2010-cu ilin noyabr ayında UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin V sessiyasında Azərbaycan xalçaçılıq sənəti UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilib.

Tədbirdə Milli Məclisin deputatı Qənirə Paşayeva, Əməkdar mədəniyyət işçisi Zəhra Əliyeva çıxış edərək ölkəmizdə xalçaçılıq sənətini dövlətimiz tərəfindən göstərilən qayğıdan danışıblar.

Tədbirdə Mədəniyyət Nazirliyi tərəfindən muzeyin "Ənənəvi texnologiya" şöbəsinin əməkdaşlarına fəxri diplomlar təqdim olunub.

Sonda tədbir iştirakçıları muzeyin "Ənənəvi texnologiya" şöbəsi tərəfindən son illərdə toxunan xalçalardan ibarət sərgi ilə tanışlıq və yeni toxunmuş xalçanın dəzgahdan kəsimi həyata keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə