"Nizami və musiqi” mövzusunda ikinci elmi konfrans keçirilib

Mayın 5-də Azərbaycan Bəstəkarlar İttifaqında “Nizami və musiqi” mövzusunda ikinci elmi konfrans təşkil edilib.

SİA-nın məlumatına görə, görkəmli şair Nizami Gəncəvinin 880 illiyinə həsr edilmiş konfransda Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova çıxış edərək konfransın əhəmiyyətindən söz açıb.
Nizami yaradıcılığının daim bəstəkarların maraq dairəsində olduğunu qeyd edən Z.Qafarova, bu istiqamətdə çoxlu musiqi əsərlərinin bəstələndiyini diqqətə çatdırıb. Qeyd edilib ki, Nizami poeziyasının təsiri ilə bir çox bəstəkarlar şairin poemaları və qəzəlləri əsasında opera, balet, simfonik poema, oratoriya, romanslar bəstələyiblər və bu ənənə davam etməlidir.

Konfrans çərçivəsində Əməkdar incəsənət xadimi, professor İmruz Əfəndiyevanın “Azərbaycan musiqişünaslıq elmində dahi Nizamiyə həsr olunmuş əsərlər (kitablar, monoqrafiyalar və elmi məqalələr)”, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Könül Nəsirovanın “B.Asafyevin “Slavyan gözəli” operasının yaranma tarixi”, sənətşünaslıq üzrə fəlsəfə doktorları Bənövşə Rzayevanın “Nizami dövrünün Rəhab dəsgahı bəstəkar yaradıcılığında”, Həbibə Məmmədovanın “Azərbaycan bəstəkarlarının xor əsərlərində Nizami poeziyası”, Aytən Babayevanın “Soltan Hacıbəyovun “İsgəndər və çoban” operası” və musiqişünas Nərgiz Qulamovanın “Nizami mövzusu Tofiq Bakıxanovun yaradıcılığında (“Xeyir və şər” baleti) mövzularında məruzələr dinlənilib.

Bütün xəbərlər Facebook səhifəmizdə