Növbəti ustad dərsi təşkil olunacaq

Mədəniyyət Nazirliyi və Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə mayın 6-da "Digitalart-lab" layihəsi çərçivəsində qrafik dizayner, illüstrator Ərzuman Paşayevin ustad dərsi baş tutacaq.

SİA-nın məlumatına görə, ustad dərsi animasiya sahəsindəki yeniliklər, tətbiq edilən metodlar, həmçinin bu istiqamətdə çalışan rəssamların yaradıcılığını dəstəkləmək məqsədilə keçiriləcək.

Qeyd edək ki, Ərzuman Paşayev Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində İnşaat Kollecinin "Rəsm və rəsmxət" fakültəsini bitirib. "Digital" incəsənətlə erkən yaşlarından məşğul olan Ərzuman Paşayev 2020-ci ildə dünyaca tanınmış illustrator Oleq Gert tərəfindən keçirilən "Ticarət illüstrasiyası məktəbi" adlı kursu bitirib.

O, hazırda "KKM group" şirkətində illüstrator vəzifəsində işləyir. Ərzuman Paşayev "Tıx-tıx xanım" cizgi filminə illüstrasiyalar, "Ad günü", "Bizim Cəbiş müəllim", "Əhməd haradadır?", "Yuxu" filmlərinə komikslər çəkib.

Ustad dərsinin "Zoom" tətbiqi vasitəsilə "Digitalart-lab" layihəsi iştirakçıları üçün nəzərdə tutulan proqrama əsasən keçirilməsi planlaşdırılır.

Dərsi Azərbaycan Dövlət Rəsm Qalereyasının rəsmi saytı və sosial media hesablarından yayımlanacaq videomaterialdan izləmək mümkün olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə