“Mütaliə edək, dinləyək, tanıyaq”

Respublika Gənclər Kitabxanası Azərbaycan poeziya nümayəndələrinin və onların sənət nümunələrinin böyüməkdə olan gənc nəsil arasında təbliği məqsədilə “Mütaliə edək, dinləyək, tanıyaq” adlı layihəyə başlayıb.

Kitabxanadan SİA-ya bildirilib ki, layihə çərçivəsində Azərbaycan poeziyasının parlaq nümayəndələrinin sənət nümunələrindən ibarət bir sıra videoçarxlar hazırlanıb. Belə ki, kitabxananın əməkdaşları tərəfindən Mikayıl Müşfiq, Rəsul Rza, Məmməd Araz, Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Hüseyn Arif, Xəlil Rza Ulutürk və s. şairlərin şeirləri səsləndirilib. Hər bir səsləndirilən şeir nümunəsinə uyğun videoçarx hazırlanaraq kitabxananın sosial şəbəkələrinə yerləşdirilib. İzləyicilər kitabxananın sosial şəbəkələrinə daxil olmaqla, burada Hüseyn Arifin “Analar”, Nəbi Xəzrinin “Dəniz, göy, məhəbbət”, Nüsrət Kəsəmənlinin “Mən səni unuda bilmirəm axı”, Əli Kərimlinin “Bakı küləyi”, Bəxtiyar Vahabzadənin “Qorxu”, “Təklik”, “Ürək”, Ramiz Rövşənin “Soğan soya-soya ağlayan qadın...”, Baba Vəziroğlunun “Ömrün ayları” və s. şeirlərini dinləmək, sözü gedən şeir parçalarının hər birinə uyğun hazırlanmış gözoxşayan videoçarxları izləmək imkanı qazanırlar.

Bundan əlavə, Respublika Gənclər Kitabxanasının “Instagram” və “Facebook” səhifələrində mütəmadi olaraq Azərbaycan poeziyasının parlaq nümayəndələrinin həyat və yaradıcılıqlarına həsr olunmuş paylaşımlar yerləşdirilir. Bu paylaşımlar vasitəsilə izləyicilər qısa müddət ərzində bu və ya digər şair və yazıçı haqqında qısa, lakin eyni zamanda çox dolğun, məzmunlu və faydalı məlumatlar almış olurlar.

Bütün xəbərlər Facebook səhifəmizdə