Akademik Opera və Balet Teatrın baş dirijoru beynəlxalq forumda iştirak edib

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrın baş dirijoru və musiqi rəhbəri, Respublikanın Əməkdar artisti, beynəlxalq müsabiqələr laureatı, Bakı Musiqi Akademiyasının dosenti Əyyub Quliyev aprelin 17-də Çinin Tayçanq şəhərində keçirilən və beynəlxalq “İpək Yolu” teatrlar liqasının təşkil etdiyi “Teatr və şəhər” forumunda iştirak edib.

SİA-nın məlumatına görə, Azərbaycanla bərabər foruma Almaniyadan “Komişe oper” teatrının direktoru Filip Berkeniq, Maltadan Aralıq dənizi mədəniyyət assosiasiyasının rəhbəri Kennet Spiteri, İtaliya-Çin mədəniyyət mərkəzinin rəhbəri Cüzeppina Markionne, Seul Mədəniyyət mərkəzinin prezidenti Yo İn Taek (Koreya), Artskeyp teatrlar birliyinin idarə heyətinin sədri Marianna le Rua (Cənubi Afrika), Quanqjou və Tayçanq Opera teatrlarının direktorları və digər Avropa və Asiya ölkələrinin opera teatrlarının rəhbərləri qatılıb.

Şəhər və cəmiyyətin teatrla ünsiyyət və əlaqə vasitələrinin öyrənilməsinə həsr olunan Forumda teatrların mövcud olduqları şəhərlərin mədəni və tarixi simasının formalaşmasındakı rolu vurğulanıb.

Qeyd edək ki, Azərbaycan Dövlət Opera və Balet Teatrı 2020-ci ilin noyabr ayından nüfuzlu “İpək Yolu” beynəlxalq teatrlar liqasına qəbul olunub. Uğurlu əməkdaşlığın nəticəsi kimi 2021-ci ilin avqust ayında Sincan şəhərində keçiriləcək beynəlxalq rəqs festivalında Azərbaycan Opera və Balet Teatrının iştirakı barəsində razılığa gəlinib. Festivalın proqramında dahi bəstəkar Qara Qarayevin “Yeddi gözəl” baletinin təqdimatı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...