“Zülfüqar Hacıbəyovun yaradıcılığı və “Nüşabə” operası” - SEMİNAR

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) "Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqanologiya və Akustika" elmi-tədqiqat laboratoriyasında "Zülfüqar Hacıbəyovun yaradıcılığı və "Nüşabə" operası" mövzusunda elmi işçi Fidan Nəsirovanın onlayn qaydada seminarı keçirilib.

BMA-dan SİA-ya bildirilib ki, məruzəçi Üzeyir Hacıbəylinin böyük qardaşı və silahdaşı olmuş Zülfüqar Hacıbəylinin yaradıcılığına nəzər salıb və sonra onun yarımçıq qalmış "Nüşabə" operasını təhlil edib. Qeyd edib ki, 1907-ci ildə Bakıya köçmüş Zülfüqar Hacıbəylinin ilk qələm təcrübələri operettaları olub. Operettalardan "Əlli yaşında cavan", "On bir yaşlı arvad", "Evliykən subay" və digər əsərlərini nümunə gətirmək olar. Onun bəstələdiyi əsərlərdən biri 1915-ci ildə yazılmış və yaradıcılığında mühüm yer tutan "Aşıq Qərib" məhəbbət dastanı olub. Əsərin səciyyəviliyi onda idi ki, opera xalq musiqisi ilə Avropa musiqisinin sintezini özündə əks etdirir.

Görkəmli sənət xadimlərindən biri kimi Z.Hacıbəyov respublikanın ictimai-mədəni həyatında da fəallıq göstərib. Arxivdə müxtəlif janrlarda yazdığı yarımçıq qalmış əsərləri var. Abdulla Şaiqin librettosuna yazılmış "Nüşabə" operası üzərində işlədiyini sübut edən çoxlu materiallar aşkar edilib. "Nüşabə" operası Nizami Gəncəvinin "İsgəndərnamə" poemasının motivləri əsasında yazılıb.

Məruzəçi bildirib ki, "Nüşabə" operasında Bərdə hökmdarı Nüşabənin igidliyi və şücaəti tərənnüm olunur. Nizami Gəncəvi öz poemasında mərd, iradəli, ağıllı və bacarıqlı Bərdə hökmdarı Nüşabə obrazını yaratmaqla yeni tipli dövlət başçısından, ədalətli quruluşdan söz açıb. Dahi şair Nizaminin yaradıcılığının ən yüksək zirvəsi və Şərq poeziyasının ən parlaq incisi sayılan bu əsərində ideal cəmiyyət təsvir olunub.
Seminarın sonunda sənətşünaslıq üzrə fəlsəfə doktorları Nuridə İsmayılzadə, Nərminə Bayraməlibəyli, İmina Əliyeva, Arif Əsədullayev, böyük elmi işçi Zeynal İsayev və laboratoriyanın digər üzvləri mövzu ətrafında fikirlərini bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...