Bəstəkara həsr olunan onlayn bədii-musiqili tədbir keçiriləcək

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi 5 nömrəli uşaq incəsənət məktəbində tanınmış bəstəkar, musiqişünas və pedaqoq, Azərbaycan SSR Əməkdar incəsənət xadimi Əşrəf Abbasovun 100 illiyinə həsr olunmuş onlayn bədii-musiqili tədbir keçiriləcək. İdarədən SİA-ya bildirilib ki, tədbir aprelin 19-da məktəbin sosial media hesablarında yayımlanacaq.

Qeyd edək ki, Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətlər göstərmiş tanınmış sənətkar yaradıcılığa ötən əsrin 30-cu illərində tarzən kimi başlayıb. Professional musiqimizin banisi Üzeyir Hacıbəyli ilə ünsiyyətdə olması Əşrəf Abbasovun dünyagörüşünün, yaradıcılığının formalaşmasına böyük təsir göstərib.
Əşrəf Abbasov zəngin yaradıcılıq irsi olan bir sənətkar idi. O, “Qaraca qız” baletinin, “Səndən mənə yar olmaz”, “Dağlar qoynunda”, “Həyətim mənim, həyatım mənim” musiqili komediyalarının, simfonik orkestr üçün “Konsertino”, “Şuşa”, “Gələcək gün”, “Dramatik poema” kimi əsərlərin, “Heyran olmuşam”, “Gözəl yar”, “Qurban olduğum”, “Oxu bülbülüm”, “Qarabağın qızları”, “Ceyranım gəl” və s. məşhur mahnı və romansların müəllifidir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...