Qazaxıstanın ölkəmizdəki səfiri Azərbaycan Milli Kitabxanasında olub

Qazaxıstanın ölkəmizdəki səfiri Serjan Abdıkarimov Azərbaycan Milli Kitabxanasında olub. SİA-nın məlumatına görə, Milli Kitabxananın direktoru, professor Kərim Tahirov qonağa iki ölkə arasında olan dostluq əlaqələrinin daha da möhkəmləndirilməsindən, qarşılıqlı kitab mübadiləsinin əhəmiyyətindən danışıb. Azərbaycan Milli Kitabxanası ilə Qazaxıstan Milli Kitabxanaları arasında həyata keçirilən informasiya, təcrübə, kitab mübadiləsinin böyük əhəmiyyət kəsb etdiyini söyləyib.

K.Tahirov Milli Kitabxana haqqında, onun fəaliyyəti barədə qonağa ətraflı məlumat verib, kitabxananın beynəlxalq əlaqələrindən, kitabxanada həyata keçiriləcək yeni layihələrdən və tədbirlərdən danışıb. Bildirib ki, 2019-cu ildə Milli Kitabxanada açılışı olan “Beynəlxalq əməkdaşlıq zalı”nda 14 ölkənin tarixi, mədəniyyəti və incəsənətinə dair kitablardan ibarət daimi guşədə qazax ədəbiyyatı xüsusi yer tutur.

Milli Kitabxanada olmasından məmnunluğunu ifadə edən səfir Serjan Abdıkarimov Azərbaycanı ikinci Qarabağ müharibəsindəki böyük qələbə münasibətilə təbrik edib. Bu tarixi qələbənin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diplomatik səyləri nəticəsində əldə olunduğunu xüsusilə vurğulayıb.

Gələcək əməkdaşlıq barədə fikirlərini qeyd edən səfir bildirib ki, iki ölkə arasında olan qarşılıqlı əməkdaşlığı daha da inkişaf etdirmək, birgə layihələr və tədbirlər keçirmək əsas məqsədlərdən biridir: “Bu əməkdaşlıq həmçinin kitabxanalarımız arasında da davam etdirilməlidir”.

Görüşdə Kərim Tahirov qeyd edib ki, Mədəniyyət Nazirliyi və Milli Kitabxana Heydər Əliyev Fondunun və onun vitse-prezidenti Leyla xanım Əliyevanın dəstəyi ilə “Milli mənəvi dəyərlərimizin Vətənə qayıdışı” layihəsi çərçivəsində dünya milli kitabxanalarında və muzeylərində mühafizə edilən Nizami Gəncəviyə məxsus qiymətli əlyazmaların rəqəmsal surətlərinin Milli Kitabxanaya gətirilməsi layihəsini “Nizami Gəncəvi İli” çərçivəsində də davam etdirir. Bu məqsədlə direktor Kərim Tahirov Qazaxıstanın Əlyazmalar İnstitutunda saxlanılan Nizami Gəncəviyə aid əlyazmaların rəqəmsal sürətlərinin Milli Kitabxanaya veriməsində səfirin köməyini xahiş etdi. Səfir bu məsələ ilə bağlı müvafiq müəssisə ilə əlaqə saxlayacağını və öz dəstəyini göstərəcəyini bildirib.

Sonda qarşılıqlı hədiyyələr təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...