“Rəqs teatr elementi kimi” adlı ustad dərsi təşkil edilib

Azərbaycan mədəniyyətinin bir qolu olan teatr sintez sənət növü olduğundan burada aktyor oyunu ilə yanaşı musiqi, rəqs, rəsm, işıq, qrim, dekor kimi elementlər bir vəhdət təşkil edir. Rəqs sənəti bu gün öz tarixiliyini, qədimliyini qoruyub saxlamaqla yanaşı, həm də müasir çalarlarla zənginləşir. Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində “Rəqs teatr elementi kimi” adlı ustad dərsi keçirilib.

SİA-nın məlumatına görə, qonaqlar əvvəlcə muzeyin ekspozisiyası ilə tanış olublar. Muzeyin əməkdaşı Suğra Ələkbərli təşkil olunmuş ustad dərsinin mahiyyəti ilə bağlı geniş məruzə ilə çıxış edərək onlara bu sənətin yaranma tarixindən, Azərbaycan xalq rəqslərinin təsnifatından, onun yalnız adət və ənənə, məişət və dini mərasimlə deyil, həm də teatr sənəti ilə sıx bağlılığından danışıb. İştirakçılara muzeyin fondunda qorunan və milli geyimlərimizi əks etdirən eskizlər, eləcə də məişətimizə daxil olmuş atributlar nümayiş olunub.

Tədbir çərçivəsində Şuşa humanitar kollecinin Xalq çalğı alətləri şöbəsinin tələbələrindən ibarət musiqi qrupunun müşayiətilə “Səməni”, “Mirzəyi”, “Uzundərə”, “Yallı” kimi xalq rəqsləri ifa olunub.

COVID-19 pandemiyası ilə əlaqədar tədbir məhdud sayda auditoriya ilə təşkil olunub və sosial məsafə qorunaraq sanitar-gigiyena qaydalarına əməl edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə