Meksikanın ölkəmizdəki səfiri Anar Rzayevlə görüşüb

İkitərəfli ədəbi əlaqələrin müzakirəsi məqsədilə Meksikanın ölkəmizdəki səfiri Rodriqo Labardini Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar Rzayevlə görüşüb. SİA-nın məlumatına görə, görüşdə Xalq yazıçısı Anar Meksika ədəbiyyatına oxucuların marağını vurğulayaraq, AYB nəzdində Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin həyata keçirdiyi son tərcümələr haqqında məlumat verib.

Mərkəzin direktoru Səlim Babullaoğlu, öz növbəsində, qeyd olunan mərkəzin funksiyaları və fəaliyyətindən danışıb.

Səfir Rodriqo Labardini ikitərəfli mədəni və ədəbi əlaqələrin təşviqində AYB-nin rolunu qeyd edib. Bu xüsusda, meksikalı yazıçı David Toskananın Bakıya səfəri və AYB-də azərbaycanlı ədib və oxucularla keçirdiyi görüşləri xatırladıb.

Tərəflər əməkdaşlıq perspektivlərini müzakirə etdilər. Hər iki ölkənin yazıçılarının əsərlərinin tərcüməsinə təkan vermək vacib hesab edilib, eyni zamanda, gələcək birgə layihələr haqqında fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə