Şəhidlərimizin əziz xatirəsinə həsr edilmiş sərgi təşkil olunub FOTOLAR + VİDEO

Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman oğullarımızın əziz xatirəsinə həsr edilmiş sərginin açılışı olub. SİA-nın məlumatına görə, Milli Məclisin deputatı Könül Nurullayevanın təşəbbüsü və Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə baş tutan sərginin təşkilində əsas məqsəd Vətən uğrunda şəhid olmuş qəhrəman oğullarımızın əziz xatirələrini yaşatmaq, şəhid ailələrinin qarşısında mənəvi vətəndaşlıq borcunu yerinə yetirməkdir.

Muzey Mərkəzində təşkil olunan rəsm sərgisində Bakı şəhəri Nizami rayonundan şəhid 31 qəhrəmanımızla yanaşı, Birinci Qarabağ müharibəsi, Aprel döyüşləri, Tovuz döyüşləri və Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə ucalmış 20-dən çox şəhidimizin, o cümlədən Milli qəhrəmanlar general-mayor Polad Həşimov və polkovnik-leytenant Murad Mirzəyevin xatirəsinə ithaf olunmuş rəsm əsərləri də yer alıb. Sərgidə, ümumilikdə, 59 rəsm əsəri nümayiş etdirilir. Əsərlərin müəllifləri Azərbaycan Rəssamlar İttifaqının üzvü, çox sayda fəxri fərman və diplomlarla təltif olunmuş, Birinci Qarabağ müharibəsinin veteranı Şəmsəddin Əliyev və gənc rəssam, bir çox beynəlxalq mükafatların sahibi Elşən Abbasovdur.

Sərginin açılış mərasimində şəhid ailələri, Xalq rəssamı Ağaəli İbrahimov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev, həmçinin “ASAN Radio”nun rəhbəri Emin Musəvi və Milli Məclisin deputatı Könül Nurullayeva iştirak ediblər. Karantin qaydaları çərçivəsində baş tutan mərasimdə çıxış edənlər, ilk növbədə, bu cür vətənpərvər övladlar yetişdirdiklərinə görə onların valideynlərinə minnətdarlıqlarını bildiriblər. Eyni zamanda, sərginin mənəvi əhəmiyyətini vurğulayıblar.

Sərginin apreldə təşkilinin təsadüf olmadığını bildirən K.Nurullayeva deyib: “Uğurlu Aprel döyüşləri Azərbaycan xalqının iradəsinin, əzminin, fədakarlığının, vətənpərvərliyinin ən bariz nümunəsi, Aprel şəhidləri isə 44 günlük Vətən müharibəsində qazandığımız Böyük Qələbəmizin bünövrəsinin müəllifləri idilər. Bu baxımdan sərginin məhz aprel ayında baş tutması təsadüfi deyil. İstər Aprel zəfəri, istərsə də Vətən müharibəsi müasir tariximizin ən şanlı səhifələridir. Sərgi xalqımızı şanlı Zəfərə aparan keşməkeşli və qürurlu Qələbə yolunda Nizami rayonundan olan şəhidlərin simasında Vətən uğrunda canını fəda edən bütün Vətən oğullarımızın əziz xatirəsinə ithaf edilir.

Qeyd edək ki, Muzey Mərkəzində təşkil olunan sərgi şənbə və bazar günləri istisna olmaqla, 14-20 aprel tarixlərində açıq olacaq. Sərgiyə giriş ödənişsizdir. Sərginin sonunda bütün rəsm əsərləri xatirə olaraq şəhid ailələrinə təqdim ediləcək.

https://fb.watch/4TIOFwFbCx/

Bütün xəbərlər Facebook səhifəmizdə