“Nizami və musiqi” mövzusunda elmi konfrans keçirilib

Azərbaycan Bəstəkarlar İttifaqında “Nizami və musiqi” mövzusunda elmi konfrans keçirilib. SİA-nın məlumatına görə, konfrans dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illiyinə həsr olunub.

Tədbirdə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, AMEA-nın müxbir üzvi, Xalq artisti, professor Firəngiz Əlizadə çıxış edərək konfransın əhəmiyyətindən danışıb. Vurğulayıb ki, bəşər bədii fikrinin nadir hadisəsi olan Nizami yaradıcılığı səkkiz əsrdən artıqdır ki, xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmişdir. Nizami poeziyasının təsiri ilə bir çox bəstəkarlar şairin poemaları və qəzəlləri əsasında opera, balet, simfonik poema, oratoriya, romanslar bəstələmişlər.

Bəstəkarlar İttifaqının sədri bildirib ki, Prezident İlham Əliyevin dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyi ilə əlaqədar 2021-ci ili “Nizami Gəncəvi İli” elan etməsi bəstəkar və musiqişünasları da çox sevindirib. Onlar bu əlamətdar yubileyə öz töhfələrini vermək üçün yeni əsərlər üzərində çalışırlar.

Nizami yaradıcılığında bəhrələnmiş bəstəkarlarla bağlı geniş siyahı tərtib etdiklərini söyləyən Xalq artisti bildirib ki, elə əsərlər vardır ki, hələ də sələndirilməyib və musiqişünas alimlər tərəfindən araşdırılmayıb. O, bu qəbildən olan əsərlərin sələndirilməsinin vacibliyini söyləyib.

Özünün də Nizami yaradıcılığından bəhrələnərək yeni əsər üzərində işlədiyini bildirən Xalq artisti Firəngiz Əlizadə bu qəbildən olan əsərlərin siyahısının daha da genişlənəcəyinə inamını ifadə edib.

Sonra Azərbaycan Bəstəkarlar İttifaqının məsul katibi, sənətşünaslıq üzrə elmlər doktoru, professor Cəmilə Həsənovanın “Qara Qarayev yaradıcılığında Nizami mövzusu”, Əməkdar mədəniyyət işçisi, sənətşünaslı üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızının “Fikrət Əmirovun yaradıcılığında Nizami irsi”, Əməkdar mədəniyyət işçisi, sənətşünaslı üzrə fəlsəfə doktoru, dosent Ülkər Talıbzadənin “Üzeyir Hacıbəylinin “Sənsiz” və “Sevgili canan” romans-qəzəllərində musiqi ilə poeziyanın qarşılıqlı əlaqəsi” və digər sənətşünas alimlərin məruzələri dinlənilib.

Tədbirdə Əfrasiyab Bədəlbəylinin “Nizami” operasından Əzranın ariozosu, Rənanın balladası səsləndirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...